"Sumqayıt"da özbaşınalıq - İnzibatçı da məsuliyyətsizlik etdi!

22 Oktyabr 2020 18:48 Qəbələ 1 120
"Sumqayıt"da özbaşınalıq - İnzibatçı da məsuliyyətsizlik etdi!

Birinci divizionun 2-ci turunun “Keşlə-2” – “Sumqayıt-2” matçında yaşananlar haqda xəbər vermişdik.

Onu da bildirmişdik ki, peşəkar status daşıyan aşağı dəstədə çıxış edən bəzi futbolçular heç də özlərini peşəkar futbolçu kimi aparmır, məsuliyyətsiz davranışı ilə onsuz da imici aşağı olan divizionu ictimaiyyətin gözündə bir qədər də aşağılayırlar.

Buna nümunə kimi “Sumqayıt-2”də futbolçu əvəzlənməsi zamanı yaşanan olayı göstərmişdik.

Bir daha xatırladaq ki, 23-cü dəqiqədə Mirqələm Həsənov əvəzlənərək meydanı tərk edən zaman “şitki”sini çıxarıb onu əvəzləyən Mehman Məsimova ötürmüşdü.

Bu da onu göstərir ki, aşağı dəstədə çıxış edən futbolçularda adi “qoruyucu” belə yoxdu. Belə olan halda hansı peşəkarlıqdan söhbət gedə bilər?

Sportinfo.az xəbər verir ki, daha bir biabırçı fakt əvəzlənən Mirqələmin fasilədən sonra ehtiyatda qalan və tribunada oturan komanda yoldaşlarının yanına sabiq komandası “Zirə”nin formasında gəlməsidir.

Futbolçunun oyuna “şitki”siz gəlməsi (hərçənd bu da absurddu) bəlkə də bağışlana bilər. Ola bilər ki, “peşəkar oyunçu” çantasını yığarkən “qoruyucu”nu evdə unudub (məsuliyyətsizlik edib).

Bəs şərəfini qoruduğu komandanın yox, sinəsində başqa klubun loqosu olan forma ilə tribunada oturmağa nə don geyindirəsən, buna nə ad qoyasan?

Görəsən, “Sumqayıt-2”nin gənc futbolçusunun belə məsuliyyətsizliyi nədən qaynaqlanır, niyə belə məsələlərə klubda nəzarət olunmur?

Bu suallara cavab tapmaq üçün “kimyaçılar”ın mətbuat katibi, həmin gün oyunu tribunadan canlı izləyən Rəşad Məmmədovla əlaqə saxladıq (Futbol+):

“Bütün klublarda buts və “şitki”ni futbolçular özləri alırlar. Klub olaraq, biz oyunçuları idman geyimləri və forma ilə təchiz edirik. Məşq üçün ayrı, oyun üçün başqa formalar futbolçulara verilir.

Bundan əlavə, “paradnı” deyilən geyim dəsti və soyuq havalar üçün nəzərdə tutulan gödəkçələr də komandanın hər bir üzvünə paylanılır. Futbolçulara buts verilməsə də, “krossovka” ilə təmin olunurlar.

Yenə deyirəm, “şitki”ni hər bir oyunçu özü əldə edir. Həmin gün, ola bilsin, ya Mirqələm Həsənov, ya da əvəzinə meydana çıxan Mehman Məsimov “qoruyucu”nu özü ilə götürməyi unudub və bu üzdən dəyişiklik zamanı futbolçular bir-birinə ötürüblər.

O ki qaldı Həsənovun tribunada sabiq komandası “Zirə”nin formasında oturmasına, təbii ki, bu yolverilməzdi. Burda günah ilk növbədə futbolçunun özündədi.

O dərk etməlidi ki, hansı komandanın şərəfini qoruyur və sinəsində başqa klubun loqosu ilə ictimaiyyət arasında görünməməlidi. Baş məşqçinin fikri daha vacib məsələlərə qarışa bilər.

Bu üzdən futbolçuların hansı geyim dəstində olmasına köməkçiləri və yaxud inzibatçı nəzarət etməlidi. Görünür, onlar da buna məsuliyyətsiz yanaşıblar.

Belə məsələlərə, adətən, inzibatçılar cavabdehlik daşıyırlar. İradlarla razılaşırıq və bununla bağlı əvəzedici komandanın məşqçiləri və inzibatçısı ilə söhbət edəcəyik. Futbolçunun özünə isə ciddi xəbərdarlıq olunacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?