"Qəbələ" futbolçu satışından 1 milyona yaxın qazanıb

12 Oktyabr 2020 22:20 Qəbələ 716
"Qəbələ" futbolçu satışından 1 milyona yaxın qazanıb

Çempionarın qızğın çağında “Qəbələ”nin uğurları üçün tər tökən Qismət Alıyevin “Zirə” ilə müqavilə bağlaması çoxları üçün təəccüblü görüntü idi.

Lakin bu keçidə görə sevinənlər də var idi. İstər “Qəbələ”, istərsə də Azərbaycan futbolu adına.

Ölkəmizdə futbolçu satışı son bir neçə ildə “ayaq açmağa” başlayıb. 2009-dan bu yana baxsaq, Vaqif Cavadovun “Tvente”yə, Araz Abdullayevin “Everton”a, Ruslan Abışovun “Xəzər Lənkəran”dan “Rubin”ə, Rəşad Sadiqovun “Neftçi”dən “Xəzər Lənkəran”a, Elvin Məmmədovun “Qarabağ”dan “Bakı”ya keçidləri klubları müəyyən qədər qabağa salmışdı.

Bir müddətdən sonra “Qarabağ” legionerlərlə dəb müəyyənləşdirməyə başladı. Reynaldo, Dino Ndlovu, Dani Kintana kimi aparıcı futbolçuların satışından müəyyən vəsait əldə olundu.

Lakin “Qəbələ”nin seçdiyi yolu nə gedən olub, nə də çətin ki, bundan sonra kimsə getsin. Söhbət akademiyada yetişən, futbolun sirlərinə yiyələnən azərbaycanlı balalarının digər klublara transfer olunmasından gedir.

Bu mənada Hacıağa Hacılı mayak rolunu oynamışdı. Vaxtilə “Qəbələ”dən “Qarabağ”a keçməklə yetişdiyi kluba 200 min manat qazandırmışdı. Hər halda, tutarlı mənbələrdən aldığımız məlumat belə idi.

Daha sonra qısa müddətdə yığmanın əsas fiquruna çevrilən Bəhlul Mustafazadə eyni şərtlə və aşağı-yuxarı eyni məbləğ qarşılığında “Sabah”a keçdi. Bəhlulun arxasınca Amin Seydiyev getdi.

O da, deyilənə görə, “tələbələr”ə 150 min manata başa gəldi. Mustafazadə ilə Seydiyevin keçidləri arasında “Qəbələ” Kamal Mirzəyevin Küveytə yollanmasından da müəyyən vəsait əldə etmişdi.

Eşitdiklərimiz yalan deyildisə, 80 min manat. Siyahını bu yay “Sabah”a transfer olunan İdris İnqilablı və Samir Məhərrəmovla uzatmalıyıq. Təbii ki, sonuncu qəhrəman Qismət Alıyevdi. Sonuncu üç nəfərin hər birinə görə 50-150 min manat aralığında vəsait ödənilib.

Oxuduqca adama qəribə gəlir, deyilmi? Bir Azərbaycan klubunun 10-12 yaşlı uşaqları akademiyaya cəlb edib, uzun illər bəsləməsi, futbolun sirlərini öyrətməsi, sonda da hansısa məbləğə başqa klublara satması adamı xəyalən bir anlıq Avropaya aparır.

Axı belə şeylər bizə yaddı. Gözümüzü açandan keçidləri “sən öl, mən ölüm”, ya da “yaxşı oğlan” prinsipləri ilə həll edənlərdən fərqli “Qəbələ” bu mənada ölkədə dəb müəyyənləşdirib.

Hələ ki bu dəsti-xətti davam etdirən yoxdu. Vaxtilə “Bakı” var idi, onun da “anasını ağlar qoydular”. İndi də “Sabah” nəsə etməyə çalışır, ancaq nə dərəcədə tutarlı alınacağına proqnoz vermək çətindi.

Hollandiya, Belçika kimi aparıcı futbol ölkələrinin klubları illərdi bu yolla özlərini maliyyələşdirir, akademiyaların adları dillər əzbəridi. Bizim də “Qəbələ”miz var.

Bir tərəfdən sevinirsən, digər tərəfdən klubun imkanlarının get-gedə məhdudlaşmasına görə üzülmək məcburiyyətində qalırsan. Nə olur-olsun, akademiyanın çökməsinə imkan verilməməlidi.

Onsuz da batmağa doğru gedir, heç olmasa, çökməsin. Ya da başqaları görüb-götürsün ki, sabah, Allah göstərməsin, “Qəbələ” olmasa, başqa klublara baxıb sevinək.

Çünki burda söhbət tək maddi qazancdan yox, həm də ölkə futbolu adına yetişən gələcək futbolçulardan gedir (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti