"Qəbələ"də özümü yad kimi hiss etmirəm"

9 Oktyabr 2020 20:10 Qəbələ 557
"Qəbələ"də özümü yad kimi hiss etmirəm"

Sportinfo.az "Qəbələ"nin monteneqrolu legioneri Stefan Vukçeviçin müsahibəsini təqdim edir:

- Azərbaycan komandasına keçidiniz necə baş tutdu?

- Hər şey kortəbii şəkildə baş verdi. Hər il etdiyim kimi, özüm haqqında qısa video hazırladım. Bütün matçlarımı izləyib videoda nəyi düzəltməli olduğumu müəyyənləşdirdim. Daha sonra bunu mənə kömək edə biləcəyini düşündüyüm futbolçu dostlarıma göndərdim. 7 ildir Monteneqronun I liqasında oynayırdım. Həqiqətən bezmişdim. Daha orada qala bilmirdim. İlk təklif göndərən klub "Qəbələ" oldu. Daha sonra məni menecerlə əlaqələndirən dostum zəng etdi və hər şey belə başladı. Təklif gələn kimi qəbul etdim. Çünki artıq "Qəbələ" haqqında məlumatım var idi. Klubun zəngin futbol ənənəsinə malik olduğunu bilirdim. Eyni zamanda, dediyim kimi, dəyişikliyə ehtiyacım var idi. Heç nəyi gözləmək istəmirdim. İlk fürsətdəcə komandaya qoşuldum. Əminəm ki, doğru hərəkəti etdim.

- "Qəbələ" haqqında məlumatlı olduğunuzu bildirdiniz. Komanda ilə yaxından tanış olandan sonra eşitdiklərinizlə gördükləriniz üst-üstə düşdümü?

- İlkin təəssüratlarım həqiqətən fantastikdir. Məni çox yaxşı qarşıladıqları üçün klubun bütün rəhbərliyinə və komanda yoldaşlarıma təşəkkür edirəm. Burada özümü yad kimi hiss etmirəm. Əslində bu, çox vacibdir. Düşünürəm ki, "Qəbələ" əla oyun keyfiyyətinə malikdir. Heyətdə yeni oyunçular çoxdur və hər şeyin yerinə oturması üçün bir az vaxt lazımdır. "Qəbələ" çox yaxşı təşkil olunmuş klubdur. Bu komandanın bir parçası olmaqdan qürur duyuram. Ümid edirəm ki, gözlənilən etimadı doğruldacağam.

- Bəs Azərbaycan Premyer Liqasının səviyyəsi barədə hansı fikirdəsiniz: Çempionat sizi qane edir?

- Açığı, liqadakı sərt mübarizə mənim üçün gözlənilməz oldu. Aşkar favorit yoxdur. Hamı bir-birini məğlub edə bilər. Bu isə rəqabəti artırır.

- "Qəbələ" əyaləti təmsil etdiyi üçün legionerlər bölgədə qalmaqda elə də həvəsli deyillər. Yəqin, siz də Bakıda yaşayırsınız. Azərbaycan paytaxtı xoşunuza gəlir?

- Bakıda daha çox vaxt keçirirəm. Qəbələdə isə ayda cəmi 5-6 gün oluram. Ona görə bölgəni tam gəzib-görə bilməmişəm. Paytaxta gəlincə, həqiqətən çox gözəldir. Burada görməli yerlər o qədər çoxdur ki... Bakıya gəlmək imkanı olan hər kəsə bu yerləri görməyi məsləhət görürəm. Şahidi olduqlarından mütləq zövq alacaqlar.

- Komandanız çempionatda məzmunlu oyun göstərsə də, hələ qələbə qazana bilməmisiniz. Bunun səbəbini nədə görürsünüz?

- Əslində turnir cədvəlində daha yaxşı yerlərdə olmağa layiq komandayıq. Amma bu, futboldur. Bayaq da qeyd etdiyim kimi, yeni futbolçular çoxdur. Bir-birimizə tam uyğunlaşmaq üçün vaxta ehtiyacımız var. Məşqlərdə əlimizdən gələnin ən yaxşısını edirik. Düşünürəm ki. hər şey əla olacaq.

- Çox güman ki, son vaxtlar cəbhə xəttində baş verən hadisələrdən xəbəriniz var. Bu barədə nə deyə bilərsiniz?

- Hadisələri mütləq izləyirəm. Fikrimcə, gözəl mənzərə deyil. Müharibəni bitirmək üçün bir yolun tapılacağına və hər şeyin Azərbaycan xalqının istədiyi kimi bitəcəyinə ümid edirəm. İnanıram ki, insanlar xoşbəxt olacaqlar.

- Bura gələnədək Dağlıq Qarabağ münaqişəsi, erməni təxribatları haqqında nə bilirdiniz?

- Azərbaycana yeni gəlmişəm. Hələ ölkəyə adaptasiya oluram. Buna görə də həqiqətən bilmədiyim bir şey haqqında fikir bildirmək istəmirəm.

- Azərbaycan yığması 2 gün sonra UEFA Millətlər Liqasının III turu çərçivəsində Monteneqro yığmasının qonağı olacaq. Hər iki komandanın şanslarının necə dəyərləndirirsiniz?

- Azərbaycan millisinin gücünü tam bilmədiyimdən, fikir səsləndirməkdə çətinlik çəkirəm. Sadəcə, onu deyə bilərəm ki, maraqlı oyun olacaq. Rəqibi başqa komanda olsaydı, 100 faiz Azərbaycana azarkeşlik edərdim. Bu matçda isə ölkəmi dəstəkləyəcəyəm. Monteneqro hər zaman qəlbimdədir (report).

Digər Xəbərlər
Xəbər Lenti