"Onunla danışdıq, vəziyyəti izah elədik, razılaşdıq"

28 Sentyabr 2020 09:28 Qəbələ 503
"Onunla danışdıq, vəziyyəti izah elədik, razılaşdıq"

Ceyms Adeniyi 1 illik fasilədən sonra yenidən "Qəbələ"nin formasını geyindi.

Nijeriyalı hücumçunun dönüşü dünən reallaşdı.

O, Premyer Liqanın 4-cü turu çərçivəsində "Neftçi" ilə keçirilən matçın 72-ci dəqiqəsində Ülvi İskəndərovun əvəzinə meydana daxil oldu.

2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış afrikalı legioner həmin mövsüm 31 oyuna 12 qol vurub. 2019/2020 mövsümünü icarə əsasında İsraildə - "Hapoel"də (Kiryat-Şmona) keçirib.

Açığını demək lazımdırsa, Adeniyinin qayıdışı gözlənilmirdi. Axı onun maliyyə məsələlərindən dolayı İsrailə getməsi bəlli idi.

"Qəbələ" götürdüyü öhdəlikləri yerinə yetirmək iqtidarında olmadığından, yenə də nigeriyalı qolçusunu icarəyə hazır idi və bu, klub rəhbərliyi səviyyəsində dəfələrlə açıqlanmışdı.

Əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov Sportinfo.az-a açıqlamasında bununla bağlı məqamlara aydınlıq gətirib: "Adeniyinin gələn ilin yayına kimi bizimlə müqaviləsi var.

"Hapoel"də icarə müddəti bitdi və yenidən bura qayıtmalı oldu. Özü də, biz də gözləyirdik ki, yeni təkliflər alacaq. Doğrudan da, təkliflər gəldi, lakin heç biri futbolçumuzu qane etmədi.

Belə deyim, aldığı təkliflərin heç biri cəlbedici deyildi. Biz də oturduq, onunla danışdıq, klubun vəziyyətini izah elədik.

Qarşılıqlıı razılaşmaya gəldik ki, istədiyi təklif gələnə kimi qalıb burada oynasın. Həm öz oyun praktikası qazanıb forma yığar, həm də komandaya fayda verər.

Yəni Adeniyi qış fasiləsinə kimi yenidən klubumuzdan ayrıla bilər. Hər halda Avropanın bəzi ölkələrində "transfer pəncərəsi" açıqdır və onun da hardasa yaxşı təklif alması mümkündür".

Digər Xəbərlər
Xəbər Lenti