Yunis Hüseynovun sağ əli Ceyhun Sultanovun başına

24 Sentyabr 2020 10:52 Qəbələ 2 059
Yunis Hüseynovun sağ əli Ceyhun Sultanovun başına

Həm "Qəbələ", həm "Keşlə" yaxın keçmişdə hər mövsüm çempionluğa, kuboka iddialı olurdu.

"Qəbələ" ardıcıl 2 il Avroliqa qruplarında çıxış elədi.

Klubların infrastruktur baxımından da problemləri yoxdur, Qəbələlilərin bazası isə tək ölkədə yox, Avropada nümunədir.

Maliyyə dayaqları nə qədər zəifləsə də, heç kim acından ölmür. "Keşlə" altı aydan bir legionerləri əlcək kimi dəyişir.

"Qəbələ" imkanlı dövrü ilə müqayisədə psixoloji olaraq kasıblıq sindromundan ayıla bilmir. Pullar əcnəbi məşqçilərə yedizdirildi, indi yerlilər futbol tonusunu saxlamalıdır. Əksər mütəxəssislərimizin taleyi budur.

Buna baxmayaraq, məşqçilərimizin özlərini göstərməsinə əla şans yaranıb. Vaxtilə futbolçuluq dönəmlərində indiki xalça meydançalara həsrət qalmışdılar. Kələ-kötür qazonda texnikalılar da aciz qalırdı.

3 tur keçib, "Qəbələ" yaxşı oynayaraq xallar itirir. Elmar Baxşıyev hələ ötən mövsümdən məşqçi potensialının olduğunu göstərir. Çətinliklərə baxmayaraq, davam etmək lazımdır.

İlk hissədə qırmızı karta kimi "Qəbələ" meydanda layiqli futbol sərgiləyirdi. Azlıqda qalaraq xal qazanmaları aktivlərinə yazılmalıdır. Qəbələlilərdə heyətlə yanaşı, özünəinam problemi hiss olunur. İstək, oyun var, "kasıbçılıq" təzyiqi qələbələrə imkan vermir.

"Keşlə" turnir cədvəlində olduğu kimi fərqli durumdadır. Yunis Hüseynovun "çempionluğa niyə oynamayaq" iddiası da təqdirəlayiqdir. Sağ əli "niyə çempion olmalıyq" deyənlərın başına. Məsələn, Ceyhun Sultanovun.

"Neftçi"nin idman direktorunun 2 il öncə "Xəzər"TV-nin efirində dediyi sözlər yadınızdan çıxmayıb ki? Premyer Liqanın son 5 turuna kimi "Qarabağ"ı turnir cədvəlində 2 xal qabaqlayan bakılılar zəif rəqiblərlə qarşılaşmalarda büdrəyərək, tarixi şansı əldən verdi.

Onda hörmətli Sultanov çıxıb 10 milyonluq xalıqın gözünün içinə baxa-baxa o ifadəni işlətdi, hətta sual verdi. Utanmasan, danışmağa nə var ki…

Hər şey öz yerində, reallığa söykənsək, "Keşlə" minimum ikincilik uğrunda mübarizə aparacaq. Yeni baş məşqçinin futbol fəlsəfəsi Tərlan Əhmədovdan fərqlənir. Zamanla daha yaxşı olmaq məcburiyyətindədir.

Rəqabətsiz çempionatda "Keşlə"nin maliyyə imkanları, heyəti yerindədir. Yunis Hüseynovun məşqçi kimi özünü sübut etməsi üçün son şansıdır. İlk turlardan iddialı davranması da təsadüfi deyil, bunun fərqindədir.

"Qəbələ"nin azlıqda qalmasından yararlanmayıb, xallar itirməsi "Keşlə"yə sonda baha başa gələ bilər. Komanda hücum dirənişini artırmalıdır. Top buraxmasa da, qol kasadlığı göz önündədir. Süni örtük komandası hücum potensialını sünilikdən təbiliyə çevirməyi bacarmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti