“Qəbələ”də “yarpaq tökümü”: "Kim hansı klubu istəsə, ora da yollana bilər”

29 Avqust 2020 14:22 Qəbələ 2 075
“Qəbələ”də “yarpaq tökümü”: "Kim hansı klubu istəsə, ora da yollana bilər”

Sportinfo.az xəbər verir ki, son illərdə Azərbaycanda uşaq futbolundan söz düşündə istər-istəməz ağla ilk gələn “Qəbələ” Futbol Akademiyası olur.

2009-cu ildən fəaliyyət göstərən akademiyanın məzunlarına bu gün nəinki “qırmızı-qaralar”ın əsas komandasında, eləcə də premyer-liqanın digər təmsilçilərində də rast gəlmək mümkündür.

Akademiyanın yetirmələri arasında hazırda karyerasını ölkə xaricində davam etdirənlər də var. Ancaq bugünlərdə əldə etdimiz məlumat ölkənin bir nömrəli futbol akademiyasının gələcəyinin sual altında olduğundan xəbər verir.

Belə ki, maddi çətinlik səbəbindən “qırmızı-qaralar”ın akademiyası məhdud çərçivədə fəaliyyət göstərəcək. Daha doğrusu, rəhbərlik bəzi aşağı yaş qruplarını bağlamaq fikrinə düşüb.

Söylənilənlərə aydınlıq gətirmək üçün akademiyanın baş meneceri Nail Kərimovla əlaqə saxladıq. Nail bəy aşağı yaş qruplarının fəaliyyətini dayandırmasının gündəmdə olmadığını bildirsə də, müəyyən dəyişikliyin olacağını söylədi:

“Aşağı yaş qruplarımız fəaliyyətini davam etdirəcək. Onların bağlanması gündəmdə deyil. Sadəcə, müəyyən səbəblərdən qərara alınıb ki, U-15 komandasına qədər kənardan gələn uşaqlarla yollarımızı ayıraq.

Yeni mövsümdə qeyd etdiyim yaş qrupu və ondan aşağıda yalnız yerli uşaqlar çıxış edəcəklər. Vidalaşdığımız uşaqların taleyi necə olacaq? Onların başqa klublara keçidinə şərait yaradacağıq.

Bu yöndə “Sabah” daha fəallıq göstərir ki, biz də onların istəyini geri çevirmirik. Ancaq bu o demək deyil ki, yolları ayırdığımız yetirmələrimizin hamısını məcburi qaydada “Sabah”a verəcəyik. Başqa klublara üz tutmaq istəyənlərə də mane olmayacağıq. Kim hansı klubu istəsə, ora da yollana bilər”.

Mənbəmiz akademiya rəhbərliyinin kənardan dəvət olunan məşqçilərlə də yolları ayırdığını bildirdi. Baş menecer isə bu məsələyə nöqtə qoyulmadığını dedi:

“Hələ ki sual açıq qalır. Onsuz da pandemiya səbəbindən məşqlər başlamayıb. Məşqlərə icazə verilən vaxt kənardan dəvət etdiyimiz məşqçilərin akademiyada qalıb-qalmayacağı dəqiqləşəcək.

Sentyabrın 1-nə kimi aşağı yaş qruplarının hazırlığa başlamayacağı dəqiqdi. Ondan sonrası hələ ki bəlli deyil. Onu da qeyd edim ki, əvvəlki illərdən fərqli U-14 liqası və ondan aşağı yaş qruplarımız daha Bakı zonasında yox, Şimal-Qərb zonasında çıxış edəcək.

Orda ilk pillələri tutacağı halda Bakı zonasında mübarizəni davam etdirəcək. U-15 liqasından yuxarı isə çempionat ev-səfər prinsipi ilə keçirildiyindən burda dəyişiklik olmayacaq. Akademiyanın fəaliyyətini dayandırması bu günə kimi gündəmdə olmayıb və yolumuza davam edirik”.

Vəsait çatışmazlığından əziyyət çəkən akademiya artıq ünvanı da dəyişmək məcburiyyətində qalıb. Nail bəylə söhbətdə bu məsələyə də toxunduq:

“Bilirsiz ki, “Qəbələ” oteli təmirdən sonra akademiyanın ixtiyarına verildi və futbolçular orda məskunlaşdılar. Ancaq bu gün “Gilan”a köçmək məsələhət oldu. Hər ikisi akademiyanın balansındadı. Lazım olacağı halda akademiya yenidən köhnə binaya qayıda bilər. Bu məsələdə qeyri-adi heç nə yoxdu”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!