Zəiflərin güclüsü - "QƏBƏLƏ"

24 Avqust 2020 16:00 Qəbələ 954
Zəiflərin güclüsü - "QƏBƏLƏ"

«Qəbələ» yeni mövsümün rəsmi açılışını 1 xalla yola saldı, yola vermədi.

Gözlədiyimin əksinə, «diri» təsir bağışladılar.

Gəncliklə təcrübənin əl-ələ verdiyi maraqlı komandadır. Düzdür, deməzlim bu komanda ilə mikrorayon tikməyə yollanmaq olar, bununla belə, Premyer Liqada qalmaq uğrunda rahat mübarizə aparmaq mümkündür.

Hər halda çempionatda onların «diş»ini batıra biləcəyi iki «zəif bənd» də mövcuddur. Biri «Səbail», biri də «Sumqayıt». Səviyyəsini itirən iki belə rəqibin yer aldığı yarışmada «Qəbələ» nisbətən favorit görünür.

Elmar Baxşıyevin bir hücumçusu, bir də müdafiəçisi çatmır. Bu iki mövqeyə ortabab legioner aldıra bilsə, komandası Premyer Liqada orta yerlərə «əlcək» də atar. Ondan o yana getməyi, yəqin ki, Baxşıyevin özü də ağlının uçundan keçirmir.

Pas oyunu «Qəbələ»yə doğmalaşıb. Sənan Qurbanov gedəndən bu tərəfə tərz nədirsə, o da qalıb. «Onurğa situnu» ötən mövsümdən qalmadır, ona görə, xətlərarasıı anlaşma qaydasındadır.

Baş məşqçi 2 yeni legionerdən yalnız Yurgen Qoxaya «Zirə» önündə 90 dəqiqə şans verdi və bununla xəta etdi. Albaniyalı mərkəz müdafiəçisi sanki ağır çəkidən əziyyət çəkir, dönüşü ağırdır, epizodlara gec çatır.

Qonaqların vurduğu bərabərlik qolunda da özünü Davit Volkova yetirə bilmədi. Gürcü yarımmüdafiəçi qapı önünə ünvanladığı topun məhsuldar pas kimi qeydə alınmasına görə Qoxaya da minnətdar olmalıdır.

Qismət Alıyev, Merab Qiqauri, Rövlan Muradov və Nikolas Raysel - onlar «Qəbələ»nin «şah damarı»dır. Sonuncu pilləni tutmağa ən real 3 komanda içində ən yaxşı kvartet «Qəbələ»dədir. Baxşıyev onlarıın böyür-başını bir azca gücləndirsə, «Qəbələ» öz meydanında istənilən rəqibə badalaq vuracaq.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti