"Qəbələ” belə asanlıqla, səssiz-küysüz tarixin yaddaşına köçməz"

2 İyul 2020 18:20 Qəbələ 866
"Qəbələ” belə asanlıqla, səssiz-küysüz tarixin yaddaşına köçməz"

Pandemiya səbəbindən erkən yekunlaşan mövsümdən sonra yeni “futbol ili”nin nə vaxt start götürəcəyi bilinməyən bir məmləkətdə yaşayırıq.

İyunun son günlərini yaşasaq da, hələ də bilinmir ki, 5-10 gündən sonra futbol adına ölkəmizdə nələr baş verəcək.

Beynəlxalq arenaya çıxacaq klublar yeni avrokubok mövsümünə necə və harda hazırlaşacaq, bunun üçün respublika daxilində imkan və şərait olacaq, yoxsa “4-lük” ölkə xaricinə yollanmaq məcburiyyətində qalacaq?

Sportinfo.az xəbər verir ki, hər şey Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in qərarlarından asılıdır. Ancaq onu da unutmayaq ki, növbəti mövsümdə premyer-liqada 4 yox, 8 komanda mübarizə aparacaq ki, onlardan biri də “Qəbələ”di.

Həmin “Qəbələ” ki, uzun illər qızıl medallar uğrunda “Qarabağ”a, “Neftçi”yə boy verib, ardıcıl iki il birinci mərhələdən mübarizəyə qoşularaq, sonda Avroliqanın qrupuna vəsiqə qazanıb. Həmin “Qəbələ” ki, neçə illər sıralarına cəlb etdiyi səviyyəli legionerlər, dünya səviyyəsində tanınmış məşqçilər ilə adından söz etdirib.

Son iki mövsümdə isə “qırmızı-qaralar” maliyyə cəhətdən çətin günlər keçirir, ildən-ilə büdcəsi azalır, aparıcı oyunçularını başqa klublara satır. 2020/21 “futbol ili” ərəfəsində bölgə təmsilçisinin fəaliyyəti yenə sual altına düşüb.

Əvvəlki illərdə klub rəhbərliyi hardasa maliyyə cəhətdən problemlə üzləşdiklərini gizlətməyə çalışsalar da, geridə qalan mövsümdən hər şeyi açıq-aydın deməyi lazım bilirlər.

Bu yay “transfer pəncərəsi” hələ rəsmən açılanmasa da, “qırmızı-qaralar”ın artıq bir neçə oyunçusu premyer-liqanın başqa klublarına transfer olunublar.

Çox maraqlıdı ki, bölgə təmsilçisinin əsas komandasında çıxış edən futbolçularla yanaşı, aşağı yaş qruplarının şərəfini qoruyan gənclərə də “elçi düşənlər”, onların keçidi üçün pul ödəyənlər klublar var.

Ötən illərdə “Qəbələ”nin əsas alıcısı qismində “Neftçi” və “Qarabağ” çıxış edirdisə, bu yay ölkə kubokunun son qalibinin əsas alıcısı premyer-liqada yeni güc mənbəyinə çevrilməyi qarşısına məqsəd qoyan və bu yöndə milyonlarına qıymayan “Sabah”dı.

Bəs “Qəbələ”ni gələcəyi necə olacaq? Yeni mövsümdə “qırmızı-qaralar”ı elitada görə biləcəyik, ya yox? Klub rəhbərliyi hələ ki bu suala cavab verməyə tələsmir.

Dəfələrlə məsələ ilə bağlı onların fikirlərini öyrənməyə çalışsaq da, doğru-düzgün cavab eşitməmişik. Ona görə də bu dəfə eyni sualları komandanın təcrübəli isimlərindən birinə, vitse-kapitan Rasim Ramaldanova ünvanladıq (Futbol+).

- Yarımçıq başa çatan mövsüm nə “Qəbələ”yə, nə də sənə düşərli oldu. “Qırmızı-qaralar” tarixində ilk dəfə premyer-liqanın sonuncusu oldu, sən isə mövsümün böyük hissəsini zədə səbəbindən boşa verdin. 2019-un avqustunda, premyer-liqanın startında komandanın sonuncu ola biləcəyi ağlından keçirdi?
- Təəssüf ki, 2019/20 mövsümü klubun tarixinə qara hərflərlə yazıldı. Ən çox ona təəssüflənirəm ki, gələcəkdə futbolsevərlər sonuncu olan komandanın heyətində kimlərin çıxış etdiyinə baxanda, mənim də adım orda olacaq. Təbii ki, bu göstərici “Qəbələ”nin nə tarixinə, nə də ənənəsinə yaraşır. Bu həmin komandadı ki, uzun illər premyer-liqanın digər təmsilçiləri onunla oyunlara xüsusi hazırlaşıblar, Qəbələ səfəri ərəfəsində həyəcan keçiriblər. Ancaq bizim də deyəcəyimiz sözlər var. Pandemiya səbəbindən çempionata erkən yekun vuruldu. Qarşıda hələ 8 tur var idi. Mən komandamızın hazırlığına və düşərgədə olan ab-havaya bələd adam kimi onu deyə bilərəm ki, qalan turlarda hər şey ola bilərdi. Biz nəinki son pillədən qurtula, hətta “avrokubok zonası”na da düşə bilərdik. Bundan başqa, ölkə kubokunun yarımfinalına da yüksəlmişdik. Ancaq nə edə bilərik? Qismət belə imiş. İcraiyyə Komitəsi ölkədəki durumu nəzərə alıb çempionatı erkən başa vurmaq barədə qərar qəbul edirsə, biz də buna hörmətlə yanaşmalıyıq. Guya biz etiraz etsəydik, nə dəyişəcəkdi?!

- Zədə səbəbindən mövsümün əksər oyunlarını buraxmaq məcburiyyətində qaldın. İndi vəziyyətin necədi?
- Martda yaranan məcburi istirahət bir tərəfdən mənə sərf etdi. Zədəmi tam müalicə etdim, iyunda komanda ilə birgə kollektiv məşçqlərə başladım. Artıq özümü çempionat oyunlarına tam hazır hiss edirdim. Düşünürdüm ki, qarşıdakı 8 turda komandaya kömək edib, sərfəli nəticə qazanmaqda töhfə verəcəm. Ancaq nə edim ki, qərar fərqli oldu. İndi özümü yaxşı hiss edirəm və zədə ilə bağlı heç bir problemim yoxdu.

- Mövsümlərarası fasilədə “transfer pəncərəsi” rəsmən açılmasa da, “Qəbələ”də “yarpaq tökümü” gedir. Bununla bağlı nə düşünürsən?
- Mənim də klubla müqaviləmin müddəti bitib. Buna baxmayaraq, hələ gözləyirəm və ümid edirəm ki, ölkə futbolu tarixinə möhür vuran “Qəbələ” belə asanlıqla, səssiz-küysüz tarixin yaddaşına köçməz. Klubun akademiyasında çoxlu istedadlı gənc var. Ən azı onlar komandanın premyer-liqada çıxışını davam etdirməsinə kömək edəcəklər. Belə asan təslim olmaq olmaz. Sabah “Qəbələ”ni kim əvəz edəcək, hansı klubun belə ehtiyat qüvvəsi, bu cür şəraiti var? Bir qədər də səbr edək, məncə, hər şey yaxşı olacaq. Ən azı mən buna inanıram.

- Ancaq reallıqla barışmaq lazımdı. Sənin kimi təcrübəli oyunçu gənclərdən qurulmuş, iddiasız komandada qalmağı özünə sığışdırır?
- Hamının pis və yaxşı günü olur. “Qəbələ” uzun illər ölkə futbolunda öz yeri olan, hamının hesablaşdığı bir klub olub. Gənclərlə bir yerdə oynayarsan deyəndə ki, istedadlı gənclərlə oynamaq da olar, hələ nəticə də qazana bilərik. Ancaq o gənclər də nəsə istəməli, qarşısına məqsəd qoymalıdı. Premyer-liqada oynamaq naminə oynayacaqlarsa, təbii ki, çətin olacaq. Guya geridə qalan mövsümdə necə oldu ki? Əsas heyətdə akademiyanın 7 yetirməsinin meydana çıxıdığı oyunlar olub. Onların yanında təcrübəli yerli və legionerlər olandan sonra nəsə etmək mümkündü.

- Bəs legionersiz və elita təcrübəsi olmayan gənclərlə necə?
- Belə olan təqdirdə çətin olacaq.

- “Qəbələ” ilə müqavilənin müddəti başa çatıb. Başqa klublardan təklif almısan?
- Yalandan “bəli, təkliflər var” deyə bilmərəm. Ancaq qarşıda hələ xeyli müddət var. İyulun ilk ongünlüyündə avrokubok iştirakçıları hazırlığa başlayacaq. Ondan sonra qalan 4 klub toplanışa start verəcək. Bu suala həmin vaxt cavab vermək mümkündü.

- Bu yay ölkəmizi avrokuboklarda təmsil edəcək komandalar məlumdu. Səncə, təmsilçilərimizdən qrup mərhələsinə düşən olacaq?
- Bu suala cavab vermək çətindi. Hələ püşkatma belə olmayıb, komandalarımızın ilk mərhələdəki rəqibləri məlum deyil. Ancaq inanıram ki, klublarımız ən azı ötən mövsümdən fərqli bu yay daha yaxşı nəticəyə imza atacaqlar. Xasiyyətcə nikbin insanam və həmişə də ən yaxşısına ümid etmişəm.

Digər Xəbərlər
Xəbər Lenti