Uzun illər “Qəbələ“nin rəisi olmuş Səbuhi Səfiyarlı keçmiş klubu ilə bağlı bəzi maraqlı əhvalatları bölüşüb.
Sportinfo.az xəbər verir ki, hazırda menecer olaraq fəaliyyət göstərən sabiq funksioner məşq prosesi zamanı şahidi olduğu bir hadisə haqda bunları deyib:
“Qəbələ”də işlədiyim dönəmdə bizdə Əbdülvahid Afolabi ad-soyadlı hücumçu var idi. Gənc idi, heyətdə az-az yer alırdı. Onu daha çox perspektiv üçün komandaya cəlb etmişdik.
Bəzi futbolçular həmişə məşq başa çatandan sonra meydanda qalıb cərimə zərbələri vururdular. Bizim də komandada həmin vaxt Subotiç, Ebesilyo, İzmaylov kimi standart vəziyyətləri çox yaxşı yerinə yetirən oyunçular var idi.
Afolabi də bunlara qoşulub hər məşqdən sonra cərimə zərbələri üzərində işləyirdi. Bir gün Yuri Syominin köməkçisi, həm də oğlu Andrey Syomin gördü ki, Afolabi də dayanmadan adını çəkdiyim futbolçularla birgə cərimə zərbələri vurur.
Uzaqdan onu səsləyərək yarıciddi-yarızarafat “sən hara məşq edirsən? Gərək bütün komanda yıxılıb ölsün ki, sən oyunda cərimə zərbəsi vurasan” dedi və onun bu sözlərinə hamımız xeyli güldük".

