"Qəbələ"li gənc özünə arxayındır: "Hər çətinliyə dözməyə hazıram"

15 İyun 2020 12:58 Qəbələ 609
"Qəbələ"li gənc özünə arxayındır: "Hər çətinliyə dözməyə hazıram"

"Yoxlama matçı olsa da, tam ciddi hazırlaşmışdıq. İlk qolu biz vurduq, hesabı artıra da bilərdik.

Bəzi hücumlarımızda bir az dəqiqlik çatmadı. Ani diqqətsizlik məğlubiyyətə səbəb oldu".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin futbolçusu Amin Seydiyev "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduqları yoxlama oyunu barədə danışarkən deyib.

22 yaşlı müdafiəçi uzunmüddətli fasilənin ona da təsir etdiyini bildirib. Seydiyev əvvəlki formasından uzaq olduğunu söyləyib: "Fasilədən əvvəlki kimi olmasam da, düşünürəm ki, tez forma yığacağam. Matçlar olduqca, hər şey öz axarına düşəcək".

Gənc oyunçu Premyer Liqanın bərpa olunmasının tərəfdarı olduğunu sözlərinə əlavə edib. Seydiyev bəzi günlərdə məşq edə bilməyəcəklərinə rəğmən hər şeyə hazır olduğunu deyib:

"Mən şəxsən çempionatın bərpa olunmasını istəyirəm. Hazırkı dönəmdə bəzi çətinliklər ola bilər. Hər çətinliyə dözməyə hazıram. Gəncəm, ona görə də öz adımdan danışıram. Mənə çox da çətinlik olmaz. İnanıram ki, hər şey zamanla öz qaydasına düşəcək".

Müdafiəçi XXI turda qarşılaşacaqları "Qarabağ"la oyun barədə də danışıb: "Çalışacağıq ki, bacardığımız qədər yaxşı oyun göstərək. Çempionata tam hazır ola bilmərik, bunun üçün bir neçə oyun keçirmək lazımdır" (report).

Amin Seydiyev 2019/2020 mövsümünün ardından "Sabah"a keçəcək. O, paytaxt klubu ilə 3 illik müqavilə imzalayıb.

Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağalar 6-7 iyun üçün tətbiq edilib və 14-15 iyunda da tətbiq edilir.

Digər Xəbərlər
Xəbər Lenti