"Çempionatın keçirilməsinin tərəfdarıyam" - FOTOLAR

14 İyun 2020 09:20 Qəbələ 541
"Çempionatın keçirilməsinin tərəfdarıyam" - FOTOLAR

Azərbaycan Premyer Liqasının bərpa olunacaq hissəsinə hazırlıqları davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

“qırmızı-qaralar” Bakıda “Neftçi” ilə qarşılaşıb.

Görüş “Bakcell Arena” stadionunda baş tutub. Elmar Baxşıyev bu görüşdə aşağıdakı start “11-liy”inə şans verib: Anar Nəzirov, Faiq Hacıyev, Amin Seydiyev, Sadiq Quliyev, Murad Musayev, Qismət Alıyev, Ehtiram Şahverdiyev, Klesio Bauk, Abdelrafik Jerar, Rövlan Muradov, Nikolas Raysel.

Görüşə meydan sahibləri daha fəal başlayıb. Paytaxt təmsilçisi üstünlüyə yiyələnməyə nail olsa da, “Qəbələ” sürətli əks-hücumlarla rəqibin müdafiə xəttini narahat edib. Arxa xətdə etibarlı oynayan “qırmızı-qaralar” hissənin ortalarında ardıcıl bir neçə təhlükəli epizod yaradıb.

İki dəfə Rövlan Muradov, bir dəfə Ehtiram Şahverdiyev fərqlənməyə yaxın olub. Hesabın açılmasında da hər iki futbolçunun rolu olub. Rəqibdən topu oğurlayan Abdelrafik Jerardan ötürmə alan Ehtiram Rövlanı zərbə mövqeyinə çıxarıb.

Sonuncunun 20 metrdən uzaq küncə zərbəsi qarşısıalınmaz olub – 1:0. Hesab açıldıqdan sonra qarşılıqlı hücumlarla davam edən oyunda meydan sahibləri ərazi üstünlüyünə malik olub. İlk yarının sonlarında Mirabdulla Abbasovun qolu hesabda tarazlıq yaradıb.

Fasilə ərəfəsində Qismət Alıyev iki dəfə diqqət mərkəzinə düşüb. O, öncə qapı istiqamətində yaddaqalan zərbə endirsə də, yarımmüdafiəçidə dəqiqlik çatmayıb. Son saniyələrdə isə onun zərbəsini qapıçı çətinliklə küncə çıxarıb.

Fasilədən sonra hər iki komandanın heyətində dəyişikliklər olub. “Qəbələ”də qapıçı Tərlan Əhmədli, həmçinin İvitsa Juniç, Rasim Ramaldanov, Asif Məmmədov, İdris İnqilablı, Rodriqo Qattas, Ülvi İsgəndərov, Roman Hüseynov komanda yoldaşlarını əvəzləyib.

İkinci hissə qarşılıqlı hücumlarla başlayıb. “Neftçi” 63-cü dəqiqədə Dario Frederikonun qolu ilə hesabda önə keçib. Hissənin gedişində Samir Məhərrəmli və Yaovi Akakpo da oyuna daxil olub.

Görüşün sonlarında Rodriqo Qattas hesabı bərabərləşdirmək imkanı olsa da, top qapının yanından keçib. Beləliklə, “Qəbələ” səfər matçında 1:2 hesabı ilə məğlub olub.

Dörd gün öncə “Sumqayıt”la yoxlama oyunu keçirən “Qəbələ” səfərdə məhsuldar heç-heçəyə nail olub – 2:2.

“Qəbələ”nin çalışdırıcısı Elmar Baxşıyev: “Futbolçulardan çox razıyıq. Çünki bu ağır dönəmdə meydanda ən yaxşısını etməyə çalışırlar. Bunu məşq prosesində də hiss edirik. İnanıram ki, getdikcə komanda daha məzmunlu futbol göstərib əvvəlki oyununu qaytaracaq. Çempionatın keçirilməsinin tərəfdarıyam. İdman prinsipləri var. Hansı komanda layiqli yeri tutacaqsa, ölkəmizi avrokubokda təmsil etsin. Biz komanda olaraq çempionatın davamını istəyirik. Merab Qiqaurinin yüngül zədəsi var. Risk edib onu iki matçda oynatmaq istəmədik. O, müqavilə ilə bizə məxsusdur. Qarşıdakı görüşlərdə onun köməyi dəyəcək. Oyun hər şeydən üstündür. Məşq prosesi də aparıb oyuna çıxarır. “Neftçi” iyunun 13-də oynamağı təklif etdi və bunun üzərində dayandıq”.

"Neftçi" - "Qəbələ" 2:1
Qol: Mirabdulla Abbasov, 40. Dario Federiko, 63 - Rövlan Muradov, 26.
"Bakcell Arena".

"Neftçi": Səlahət Ağayev, Mamadu Mbodj, Anton Krivotsyuk, Namiq Ələsgərov, Emin Mahmudov (k), Baqali Dabo, Tural Axundov, Stiven Jozef-Monroz, Mamadu Kane, Saman Nərimancahan, Soni Mustivar.

"Qəbələ": Anar Nəzirov (k), Faiq Hacıyev, Amin Seydiyev, Sadiq Quliyev, Murad Musayev, Qismət Alıyev, Ehtiram Şahverdiyev, Klesio Bauk, Abdelrafik Jerar, Rövlan Muradov, Nikolas Raysel.

Digər Xəbərlər
Xəbər Lenti