"QƏBƏLƏ"dən: "Azərbaycan üçün yaxşı futbolçular yetişdirmək fikrindəyik”

10 İyun 2020 00:42 Qəbələ 1 120
"QƏBƏLƏ"dən: "Azərbaycan üçün yaxşı futbolçular yetişdirmək fikrindəyik”

Sportinfo.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin son iclasında koronavirusa görə dayandırılan birinci divizion və Gənclər Liqasının da taleyinə aydınlıq gəldi.

Müzakirələrdən sonra hər iki çempionatda mövsümün dayandırılmasına və hazırkı turnir cədvəlinə əsasən qalibin elan edilməsinə qərar verildi.

Bu qərara görə Gənclər Liqasında 33 xalla turnir cədvəlinə başçılıq edən “Qəbələ” çempion elan olundu. Qərar və erkən çempionluq ilə bağlı fikirlərini öyrənmək üçün bölgə komandasının baş məşqçisi Famil Xəlilovla əlaqə saxladıq (Futbol+).

Gənc mütəxəssis mövsümün əvvəlindən çempionluğa əsas namizəd olduqlarını söylədi: “İstəməzdik ki, belə olsun, amma şərtlərə uyğunlaşmaq lazımdı.

Hamı necə, biz də elə. İstənilən vəziyyətə hazır idik. Komanda olaraq çempionluğa hazırlaşırdıq. Bu turnirin stimulu böyükdü, ölkəni Çempionlar Liqasında təmsil edirik.

Bizim uşaqlar ardıcıl iki il bunu yaşamışdılar. Üçüncü il də eyni uğura imza atmaq istəyirdilər. Turnir cədvəlinə başçılıq edirdik. Çempionat davam etsəydi belə, nəticə dəyişməyəcəkdi. Futbolçularımızın daha istəkli olduğu görünürdü, çünki onun dadını bilirdilər. Buna görə də çempionata yaxşı hazırlaşmışdıq”.

Xəlilov qazanılan uğurda akademiyanın rolunu qabartdı: “Akademiyamızın bir sistemi var, futbolçular istər kollektiv, istərsə də fərdi qaydada çox yaxşı hazırlaşdırılır.

Bizdə hədəf heç vaxt çempionluq olmayıb. Çempionluq gözəl bir duyğudu, amma akademiyada bir sistem var ki, ilk növbədə Azərbaycan futbolu, yığma, əsas komanda üçün yaxşı futbolçular yetişdirək.

Bunun da nəticəsi artıq görünməkdədi. Bu komandanın iki əsas üzvü - İdris İnqilablı və Samir Məhərrəmli artıq “Sabah”la müqavilə bağlayıb. Belə futbolçularımızın sayı kifayət qədərdi. Növbəti illərdə də daha çox hazırlaşıb, Azərbaycan üçün yaxşı futbolçular yetişdirmək fikrindəyik”.

Digər Xəbərlər
Xəbər Lenti