
Bilindiyi kimi, “Qəbələ”nin müdafiəçisi Amin Seydiyev yeni mövsümə “Sabah”da başlayacaq.
21 yaşlı gəncin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub.
“Qəbələ” və “Sabah” arasında razılaşma 2019/20 mövsümünün ardından qüvvəyə minəcək. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Seydiyev əsas komandada 2017/18 mövsümündə debüt edib.
O, komandada 39 oyun keçirib, 1 qol vurub. Azərbaycan U-21 millisinin üzvünün “Sabah“la müqavilə müddəti 3 ildir.
Sportinfo.az-ın məlumatına görə, qarşısına böyük məqsədlər qoyan Masazır təmsilçisi bu keçidi münasib qiymətə reallaşdırıb.
İlkin olaraq “Qəbələ“yə 100 min manat ödəniləcək. Əgər Amin gələn sezon keçiriləcək oyunların 60 faizində meydana çıxarsa, əyalət klubu daha 50 min manat alacaq.
Futbolçunun özünə gəlincə, növbəti «futbol ili» ona 100 min qazandıracaq. İkinci mövsümdə bu məbləğ 130 minə yüksələcək. Sonrakı ildə isə gəliri 150 min manat təşkil edəcək.