"Qəbələ" 3 ay pul verməsə belə, heç bir problem yoxdur"

23 May 2020 20:40 Qəbələ 560
"Qəbələ" 3 ay pul verməsə belə, heç bir problem yoxdur"

"Hazırda elə vəziyyətdir ki, müqavilə ilə bağlı klubla heç bir söhbət etməmişik.

Sadəcə, istəyirik ki, çempionat başlasın. Görək, bu mövsüm nə edə bilirik. Növbəti mövsüm barədə isə danışıq olmayıb".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Asif Məmmədov deyib.

34 yaşlı yarımmüdafiəçi müqavilələri başa çatan oyunçuların çempionat bərpa olunacağı təqdirdə, necə çıxış edəcəklərinə münasibət bildirib. Məmmədov çempionat oyunlarında hər matça görə bonus aldıqlarını söyləyib:

"Bu saat mənim üçün pul o dərəcədə önəmli deyil. Vacibi odur ki, Premyer Liqa bərpa olunsun, məşqə çıxaq. Evdə oturub pul qazanmamağımla oynayıb pul qazanmamağım arasında heç bir fərq yoxdur.

Oturmusan evdə, pul qazanmırsan, amma oynayanda istər-istəməz bonus almaq imkanın var. Yəqin ki, müqavilə başa çatandan sonra rəhbərlik maaş da verməsə, elə bonus təyin edər ki, o, maaşı əvəzləyə bilər.

Bonus alırsan, futbol oynayırsan, idmansız qalmırsan, belə şeylər var. Kimsə zədələnib, başqa kluba gedə bilməyəcəksə, bu, başqa məsələdir. Əsas odur ki, futbolsuz qalmırsan".

Təcrübəli oyunçu 2 aydan çoxdur ki, evdə olduqlarını, heç nə etmədiklərini, buna baxmayaraq, klubdan maaş aldıqlarını sözlərinə əlavə edib: "Bunu da deməliyik. Biz oynamadıq, amma maaş aldıq.

Yayda oynayaraq onun əvəzini çıxa bilərik. Uzun müddətdir ki, bu klubdayam, "Qəbələ" mənim üçün çox şey edib. 3 ay pul verməsələr belə, heç bir problem yoxdur".

Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyasına görə dayandırılıb. 2015-ci ildən "Qəbələ"nin formasını geyinən Asif Məmmədov 2007-ci ildə də əyalət təmsilçisində çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı