“Əvvəllər bizdə yaxşı pullar var idi"

12 May 2020 00:42 Qəbələ 557
“Əvvəllər bizdə yaxşı pullar var idi"

Sportinfo.az "Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədovun müsahibəsini təqdim edir:

- Asif, həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?

- Mən həyatda çətinlik də görmüşəm, yaxşı günlər də. Ona görə də, yenidən həyata gəlsəydim, necə yaşamışamsa, elə bir həyatımın olmağını istərdim. Çünki çətinlik görməsən, yaxşı günlərin qədrini bilməzsən.

- Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?

- Bütün xəstələrə, imkansızlara köməklik edərdim.

- Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda, bu söz özünü doğruldurmu, yoxsa statistika sizin futbolçu karyeranızı tam əks etdirir?

- Məncə, statistika Azərbaycanda o qədər də nəyisə dəyişmir. Çünki elə futbolçularımız var ki, dəfələrlə çempion olublar, ancaq indi heç yerdə onların adları çəkilmir, itib-batıblar. Mən belə düşünürəm. Ona görə də, statistika heç nəyi dəyişmir. Bəlkə, hansısa biri Avropa, dünya çempionu olub, nəyisə dəyişə bilər, ancaq belə yox (gülür).

- Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?

- Xeyr, ağlımdan belə bir fikir keçməyib. Yerli futbolçular bəlkə bundan sonra xaricə can atarlar. Çünki əvvəllər bizdə yaxşı pullar var idi və heç kim xaricdə oynamağa can atmadı. Bəlkə də, ona görə onlarda nəsə alınmadı. Ancaq bunu da nəzərə alaq ki, 10-15 il əvvəl daha yaxşı, istedadlı futbolçularımız var idi. Məşqçilərin uğur qazanmaması məsələsinə gəlincə, o da olar yəqin. Bizdə xarici klublarda işləyən məşqçilər az olub. İndi-indi inkişaf etməyə başlayırıq.

- Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?

- Çox çətin sualdır. Yəqin ki, yavaş-yavaş o da olar. Əvvəllər bizə sual verirlərdi ki, “nə lazımdır ki, komandalarımız Avropa Liqasına, Çempionlar Liqasına getsin?” Artıq bunun öhdəsindən gəlmişik. İnşallah, işlər düz gedər və Avropa, dünya çempionatının da final mərhələsinə qədər gedə bilərik (komanda.az).

Digər Xəbərlər
Xəbər Lenti