"Qəbələ"nin kapitanı: "Tanıyanlar bilir ki, belə şeylər mənlik deyil"

16 Aprel 2020 23:00 Qəbələ 675
"Qəbələ"nin kapitanı: "Tanıyanlar bilir ki, belə şeylər mənlik deyil"

“Kapitanla söhbət” layihəsinin budəfəki qonağı “Qəbələ”nin qapıçısı Anar Nəzirovdur. Sportinfo.az onun müsahibəsini təqdim edir:

- Anar, karantin günləri necə keçir?
- Bəlkə də həyatımda ən düzgün qərarı verib, yollar bağlanmamış ailəmlə birgə rayona gəldim (gülür). Hazırda Qaxdayam və buna görə şadam. Şəhərdə əhali çox olduğundan virusa yoluxmaq təhlükəsi də yüksəkdi. Qax isə o qədər də böyük olmayan, sakit bir bölgədi. Gündəlik məşq etmək baxımından da rayonda olmaq daha əlverişlidi. Bir var binada mənzildə olasan, bir də var geniş həyatyanı sahəsi olan həyət evində. Təbii ki, həyət evində özünü daha rahat hiss edirsən. Ürəyin istəyəndə həyətə çıxıb gəzə bilirsən, təmiz hava qəbul edirsən. Daha parka, bulvara çıxmağa ehtiyac yoxdu.

- “Sumqayıt”ın futbolçuları hər gün fiziki hazırlıq üzrə çalışdırıcının göstərişləri əsasında onlayn məşq edirlər. Bəs siz?
- “Qəbələ”də hər futbolçuya karantin günləri üçün fərdi məşq proqramı verilib. Ona uyğun da məşq edirəm. Ancaq açıq deyim ki, təkbaşına məşq etmək o qədər də effektli deyil. Kollektiv hazırlıq tam başqadı. Bildiyim qədər yaxın günlərdə biz də onlayn məşqlərə başlayacağıq.

- Premyer-liqada sonuncu pillədə qərarlaşan komandanın kapitanısan...
- Xahiş edirəm unutmayın ki, çempionatın sona çatmasına hələ 8 tur qalıb. Hələ bilmək olmaz mövsümü hansı pillədə başa vuracağıq. Onu da nəzərə alın ki, ölkə kubokunun yarımfinalına da yüksəlmişik. “Qəbələ” son illərdə daim mükafatlar uğrunda mübarizə aparıb, ölkəmizi avrokuboklarda təmsil edib. Bütün böyük klubların tarixində keçid dövrü olub. “Qəbələ” də indi bu mərhələdədi. İnşallah, yaxşı günlərimiz qabaqdadı.

- Çempionatdan söz düşmüşkən, autsayder komandanın futbolçusu kimi yəqin ki sən qarşıdakı 8 turun oynanılmasının tərəfdarısan.
- Autsayder və yaxud lider - bunun nə fərqi var? Çempionat meydanda başa çatmalıdı, sənəd üzərində yox. Bu mənim şəxsi fikirimdi. Sabah FIFA, UEFA, AFFA və ya PFL desə ki, mövsümü belə başa vurmaq lazımdı, mən, ya başqası nə deyəsidi ki? Gəmidə oturub, gəmiçi ilə dava edəsi deyiləm. Ancaq yaxşı olardı ki, gec də olsa, qalan 8 tur keçirilsin. Bundan başqa, ölkə kubokunun yarımfinalındayıq. “Zirə” səddini aşsaq, ardıcıl ikinci dəfə final oynamaq şansımız var. Həlledici görüşün bir matçdan ibarət olduğunu da nəzərə alsaq, 2019-cu ildə olduğu kimi, bu ili də titulla başa vurmaq mümkündü. Qış fasiləsindən sonra ilk turlarda oyunumuz alınmasa da, son matçlarda komanda özünə gəlmişdi, uğurlu seriya yaxalamışdıq. Təəssüf ki, çempionat dayandı. Fasilə olmasaydı, qələbələrin davamı gələcəkdi.

- Bu gün “Qəbələ”nin heyətinin əsasını gənclər təşkil edir. Bir kapitan kimi gənclərə “ağsaqqallıq” etmək çətin deyil?
- Onu düz vurğuladız ki, komandada əsasən gənclər, “Qəbələ” akademiyasının yetirmələri çıxış edirlər. Ancaq sizə deyim ki, onlar pasportla gəncdilər. Əslində futbolda “bişmiş” uşaqlardı. Çünki əksəriyyəti bütün yaş qrupu üzrə yığmalarda çıxış ediblər, bəziləri icarə əsasında başqa elita klublarının şərəfini qoruyublar. Ona görə də heç bir problemlə üzləşmirəm. Düzdü, lazım olanda mən, Asif Məmmədov, Rasim Ramaldanov müəyyən tövsiyələr, məsləhətlər veririk.

- Kapitanın legionerlərlə münasibəti necədi?
- Yalandan desəm ki, hamısı ilə isti münasibətim var, bu düzgün olmaz. Ancaq komanda yoldaşı, kapitan kimi çalışıram yanlarında olum, hansısa çətinliklə üzləşəndə yardım edim. Qonağa hörmət bizim xalqın qanındadı.

- Bəs bu hörmətdən sui-istifadə edən legionerlər olur?
- Şükür Allaha, hazırda bizim komandada beləsi yoxdu. Mehriban, bir-birinə dəstək olan kollektivimiz var.

- Hazırda komandanızda İspaniyadan, Fransadan futbolçular çıxış edir. Onların qohumlarından, yaxınlarından koronavirusa yoluxan var. Bununla maraqlanmısan?
- Avropanın əksər ölkələri ilə müqayisədə Azərbaycanda vəziyyət daha yaxşıdı. Bunu legionerlərimizlə söhbət edəndə vurğulayıblar. Onlar sevinirlər ki, belə çətin durumda öz ölkələrində yox, məhz Azərbaycandadılar. İspanıyalı Fernan qohumları və əzizləri üçün narahat olduğundan vətəninə yollandı. Mən onunla danışmasam da, baş məşqçimizlə əlaqə saxlayıb. Dediyinə görə, qohumlarından, ailə üzvlərindən heç kimi virusa yoluxmayıb. Jerar Abderafik, Raysel Nikolas Fransada yaşananlara görə üzülsələr də onların ailələrində də salamatçılıqdı.

- Avropada hər gün hansısa klubda maaşların azaldılması ilə bağlı qərar qəbul olunduğunu eşidirik. “Qəbələ” rəhbərliyinin belə addım atacağını gözləyirsən?
- Rəhbərliyin nə düşündüyünü, sabah hansı qərar verəcəyini bilmirəm. Ancaq nə qərar qəbul olunsa, onunla razılaşacam. Öz adımdan deyə bilərəm ki, sabah mənə müvvəqəti maaşımın azaldılması ilə bağlı müraciət olunsa, məmnuniyyətlə razılaşacam. Çətin anda biz də klub üçün nəsə etməliyik. Bu günə kimi Azərbaycanda heç vaxt karantin tətbiq olunmayıb, bu yaşa kimi belə halla üzləşməmişəm. Deməli, vəziyyət həqiqətən ciddidi ki, hökumət belə sərt qərarlar qəbul edir.

- Çətin andan söz saldın, karantin dönəmində şəxsən sən kiməsə yardım etmisən? Və yaxud “Qəbələ” klubu bu yöndə hansı addımı atıb?
- Öncə onu bildirim ki, klubun sponsoru olan şirkətlər yardım kampaniyasına qoşulublar. Kluba gəlincə, açığı, futbolçuların çoxu indi müxtəlif rayonlardadılar. Ona görə də klub rəhbərliyinin nəsə edib-etmədiyindən xəbərim yoxdu. Qaxa gəlməmiş bu məsələ ilə bağlı müzakirələr oldu. Ola bilsin, rəhbərlik nəsə edib və ya bundan sonra edəcək. Özümün etdiklərimi isə dilə gətirmək istəmirəm. Qoy bu məsələ qapalı qalsın.

- Belə çıxır ki, sən də kimlərəsə yardım etmisən...
- Bu haqda heç nə deməcəyəm.

- Yəqin indi boş vaxtın çox olur...
- Bəli, indi hansısa futbolçu “vaxtım yoxdu” deyə bilməz (gülür). Nə də olmasa, boş vaxtımız yetərincədi.

- Bəs gün ərzində nə ilə məşğul olursan?
- Gün ərzində bir dəfə fərdi məşq etdiyimi dedim. Bütün gün kitab oxuduğumu və ya internetdə yeni filmləri izlədiyimi desəm, yalan danışaram. Məni tanıyanlar bilir ki, belə şeylər mənlik deyil. Nə edirəm? Rayonda həyət-bacada nə iş varsa, onu görürəm. Evdə olmuşkən istəyirəm mən də nəsə bir işə yarayım (gülür).

- Qaxda karantin rejiminə necə əməl edirlər?
- Şəhərdə necə, burda da elə. Hələ mən deyərdim, rayon camaatı qəbul olunmuş qərarlara daha çox riayət edir. Mən hələ icazəsiz evdən çölə çıxan görməmişəm. Heç kim zərurət olmadan küçəyə çıxmır. Bəlkə də buna görədi ki, Qaxda virus yayılmayıb. Varsa da, mənim xəbərim yoxdu. Çünki bu haqda heç kimdən heç nə eşitməmişəm (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti