Buna görə heç paxıllığınız tutur?

1 Aprel 2020 23:30 Qəbələ 515
Buna görə heç paxıllığınız tutur?

Sportinfo.az "Qəbələ"nin fransalı yarımmüdafiəçisi Abdelrafik Gerrardın müsahibəsini təqdim edir:

- Koronavirus pandemiyası səbəbindən demək olar ki, dünya idmanında böyük sükut yaranıb. Siz bu infeksiyaya qarşı mübarizənizi necə aparırsınız?
- Karantin qaydalarına riayət edirəm. Ailəmlə birlikdə çölə çıxmıram və evdə fərdi məşqlə kifayətlənirəm. Əslində koronavirus mənim üçün gözlənilməz hadisə olmadı. Çünki həyatda hər şey ola bilər.

- Nəzərə alsaq ki, Fransada durum daha pisdir, yəqin Azərbaycanda olmağınız sizin üçün sevindiricidir. Yaxınlarınızla danışarkən nə deyirlər?
- Fransada durum pisdir. Hazırki vəziyyətə görə insanlar evdə oturur və çölə çıxmırlar. Yalnız supermarketə və ya olduqca önəmli iş olanda çölə çıxırlar.

- Əksər futbol çempionatları kimi, Azərbaycan Premyer Liqasının da nə zaman bərpa olunacağı bilinmir. Hələ ki, dəqiq bilinən aprelə kimi təxirə salınmasıdır. Bu müddəti uzun hesab edirsiz?
- Məncə, uzun müddət deyil. Çünki zaman çox sürətlə gedir. Hazırda isə ən vacib məsələ koronavirusdur. Hamı hər şeyin düzəlməsini gözləyir.

- Klub maaşlarınızı ödəyir? UEFA-nın tövsiyəsinə əsasən, maaşlarınız gecikdirilsə, hansı reaksiyanı verəcəksiz?
- Bilirsiz, hər şey şəraitdən, vəziyyətdən asılıdır. Bu haqda konkret nəsə demək olmur. Çünki elə futbolçu var ki, maliyyə durumu yaxşıdır və maaş verilməsə də yaşaya bilir. Axı elə futbolçu da var ki, pulu yoxdur və maaşla dolanır. Çempionat bərpa edildikdən sonra da oynamaq adaptasiyadan asılı olacaq. Biz də bunun daha yaxşı etməyə çalışacağıq.

- FIFA isə futbolçulardan maaşlarının 50 faizindən vaz keçmələrini də xahiş edir...
- Bu barədə xəbərim var. Hər halda, klubun necə edəcəyini gələcəkdə görəcəyik.

- Hazırda Avropada yalnız Belarus Yüksək Liqası davam edir. Siz futbolsuz qalsanız da, orada belə deyil. Buna görə heç paxıllığınız tutur?
- Xeyr, onları qısqanmıram. Hazırda futbol oynamaq, digər insanlarla qarşılaşmaq təhlükəlidir. Ola bilər ki, gənclər koronavirusdan çox da yoluxmur, amma onlar unutmamalıdır ki, oyundan sonra evə gedirlər, ailələrinin yanında olurlar. Evdəkiləri koronavirusa yoluxdura bilərlər. Elə buna görə də hər şey əvvəlki vəziyyətə düşənə qədər, yaxşı olana kimi futbolun da dayanması vacibdir.

- Karyeranıza nəzər saldıqda, "Kreteyl"də Baqali Dabo, "Lans"da isə Abdulla Zubirlə eyni komandada oynamısınız. Maraqlıdır, Azərbaycana gəlməmişdən əvvəl onlarla danışdınızmı?
- Doğrudur, onlarla birlikdə oynamışam. Həm Dabo, həm Zubirlə yaxşı münasibətim var, onlarla dostuq. Azərbaycana gəlməmişdən əvvəl həm Dabo, həm də Zubirlə danışmışdım.

- Onlarla Bakıda görüşürsünüz? "Qarabağ" və ya "Neftçi"də onlardan biri ilə oynamaq planınız var?
- Bəli, Bakıda onlarla görüşürəm. Yaxın dostlarımdır. Amma mən "Qəbələ"də olduğuma görə xoşbəxtəm (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti