"Bu qədər yalan ola bilməz" "Qəbələ"nin kapitanı 

31 Mart 2020 20:20 Qəbələ 641
"Bu qədər yalan ola bilməz"

"Qəbələ"nin kapitanı Asif Məmmədov Sportinfo.az-a müsahibə verib

- Yaranmış fasilə müddətin necə keçirirsən?

- 5-6 gün rayonda qaldım. Gələndən sonra da ancaq evdə oluram. Lazım olanda maqazinə gedirəm. Sözün düzü, adam evdə qaldıqca tənbəlləşir. Ev şəraiti adamı sıxır. Birdən, görürsən, heç həvəs də olmur məşq etməyə. Məcbur edirsən ki, formada qalasan.

- Yaşını nəzərə alsaq, düşünmürsən ki, bu qədər fasilədən sonra formanı yığmaq sənə çətin olacaq?

- Məndə sezonun əvvəli belə bir hal olub. 3 ay demək olar ki, məşq etmədim. Çünki komandanın təlim-məşq toplanışına müəyyən səbəblərə görə qoşula bilməmişdim. Sonra tədricən formamı yığa bildim. İnanmıram ki, 1 ay , 40 gün müddətindən sonra ciddi problem olsun.

- Virusdan qorunmaq üçün hansısa tədbirlər görürsən?

- Əlimi tez-tez yuyuram, spirtdən davamlı istifadə edirəm. Sözün düzü, maska elə də istifadə etmirəm. Adam çox olan yerə getmirəm və salamı belə yığışdırmışam (gülür).

- Bəzi insanlar hələ də baş verənlərə qeyri-ciddi yanaşır ...

- Ən azından İtaliyanı göz önünə gətirmək lazımdı. Nə qədər ölən var. Bu qədər yalan ola bilməz axı. Biri deyir yalandı, digəri deyir siyasətdi. Amma hər şey göz qabağındadı. İş yerləri bağlanır, demək olar ki hər şey dayanıb. Əsas yaşlı adamları qorumalıyıq. Böyüklər, uşaqlar bu xəstəliyə yoluxmasın. Cavan adamların imuniteti güclüdü, bir yolla bu xəstəlikdən sağalır. Mən elə bir yaşlı adam tanımıram ki, qorxmasın. Əsas cavanlardı qeyri-ciddi yanaşan.

- "Qəbələ" ardıcıl məğlubiyyətlərdən sonra qələbələr qazanmağa başladı. Belə vəziyyətdə düşünmürsən ki, fasilə sizin üçün heç yerinə düşmədi?

- Biz yavaş-yavaş özümüzə gəlməyə başlamışdıq ki, qış fasiləsinə getdik. İndi də oxşar halla üzləşdik. Yeni gələn futbolçular komandaya uyğunlaşırdı. Yenicə özümüzə gəlirdik ki, belə bir fasilə yarandı. Hazırkı "Qəbələ" elə komandadır ki, bir oyunçunun belə dəyişməsi komandaya təsir edir. Hamısı eyni səviyyədə olan futbolçulardır. Ehtiyat skamiyası elə də zəngin deyil. Amma elə komanda var ki, iki heyəti var. Bəzən baş məşqçimiz bir heyəti düzüb-qoşmaqda əziyyət çəkir.

- Çempionatın başa çatdırılmamaq ehtimalı da var. Əgər belə olarsa, avrokuboklara gedəcək komandalar hazırkı tunir cədvəlinə görə təyin oluna bilər ...

- Bu, bizim üçün yaxşı olmaz. Çünki kubok şansımız var. Həm də 4-cü yerlə aramızda o qədər də xal fərqi yoxdur. İnanıram ki, belə bir hal olmaz.

- Maaşların fasilə müddətində dondurulması və gecikdirilməsi baş versə, buna necə reaksiya verəcəksiniz?

- Elə vəziyyətdir ki, adam pul haqda fikirləşmir.Klub nə qərar versə, ona hörmətlə yanaşacağıq. Çünki indiki vəziyyətdə hamı bir-birini çox yaxşı başa düşür.

- Ölkə prezidenti İlham Əliyev tərəfindən Koronavirusla Mübarizəyə Yardım Fondu yaradıldı. Artıq bir neçə futbol adamı da bu askiyaya qoşulub. "Qəbələ" futbolçularının da belə fikri varmı?

- Biz klub olaraq həmişə ehtiyacı olan ailələrə kömək etmişik. Klub adından nəsə deyə bilmərəm. Bəlkə də qarşıdakı günlərdə olacaq. Amma sırf bu fonda olmasa da, özümüz ayrı-ayrılıqda ehtiyacı olanlara əlimizdən gələn yardımı edirik.

Digər Xəbərlər
Xəbər Lenti