Qurban Qurbanovun artan şikayəti

21 Sentyabr 2020 21:40 Qarabağ 2 304
Qurban Qurbanovun artan şikayəti

Premyer Liqa maraqlı olmağa başlayır.

İlk 3 turdan sonra “Keşlə”dən başqa uduzmayan qalmayıb və demək olar, bərabər qüvvəli komandaların mübarizəsini izləyirik.

Hamı, istənilən meydanda qələbə qazanmaq, gözlənilməyən zamanda büdrəmək iqtidarındadı.

Və bu turadək zirvəni bölüşən “Qarabağ”la “Zirə” indi 5-6-cı yerlərdədi. Xüsusilə çempionun üzləşdiyi durum maraqlıdı. Gərgin qrafik ağdamlıları mövsümün startında yorğun salıb.

“Sabah”ın zirvədə qərarlaşması maraqlıdı. Mövsümə məğlubiyyətlə başlayan bakılılar 2 turdu top buraxmadan qalib gəlir. Visente Qomesin yetirmələri xüsusilə dünən əsl potensialını ortaya qoymağı bacardı. “Zirə”yə ilk yenilgisini qəsəbədə yaşadan qonaqlar birinci hissədə həm rəqibə oynamaq şansı vermədi, həm də ardıcıl hücumlarla Rəşad Sadıqovun baxımlı futbol oynayan komandasını neytrallaşdırdı.

Ev sahibləri yalnız fasilədən sonra özünə gəldi, lakin elə bu vaxt Sezar Rodriges müdafiəni təkbaşına yarıb hesabı açdı. Meydanın hər qarışı uğrunda döyüşən, bütün komponentlərdə rəqibi üstələyən “Sabah”da Qomesin əməyi qeyd olunmalıdı. Məşqçi həm rəqibi analiz edib, onu dayandırmağın yolunu tapmışdı, həm də mövqe hücumları ilə üstünlüyünü qoruyurdu. Düzdü, “Zirə” əvəzetmələrdən sonra oyunu qismən dəyişə, təhlükəli vəziyyətlər yarada bildi, lakin bərabərlik qolunu vurmaq mümkün olmadı. Əvəzində qonaqlar əks-hücumda daha bir dəfə fərqlənib qələbəni təmin etdi.

Turun bağlanış matçı daha maraqlı alındı. Avrokubokda məğlubiyyətlə üzləşən rəqiblərin duelində “Qarabağ” favorit sayılsa da, “Neftçi” mövsümün intriqasız keçməsinə imkan verməyəcəyini göstərdi. Baxmayaraq ki, ağdamlılar erkən qolla vəziyyəti daha da pisləşdirmişdi. Amma künc zərbəsindən sonra fərqlənən Voislav Stankoviç həm komandasına ümid verdi, həm də rəqibi hətta “Azərsun Arena”da da yenməyin mümkünlüyünə inam yaratdı.

Ağdamlılar rəqibindən bir gün çox istirahət etsə də, həm uzaq Kiprdən qayıtması, həm də psixoloji durumun yerində olmaması hiss olunurdu. Avrokubok matçları bir yana, əksər oyunçuların yığmada da xeyli güc itirməsi “Qarabağ”ın tükənməsinə səbəb olub. Və oyuna əla motivasiya olan bakılılar Neftçilər Günündə bundan maksimum yararlandı. Meydanda amansız mübarizə aparan “Neftçi” əks-hücumda ələ düşən şansı əla dəyərləndirib, layiq olduğu qələbəni qazandı.

“Neftçi” bu qələbə ilə arxayınlaşmamalıdı. Komandanın zirvə üçün potensialı var, sadəcə, işə düzgün münasibət göstərmək, hər oyuna dünənki kimi köklənmək lazımdı. “Qarabağ”a gəlincə, Qurban Qurbanov heyətdən şikayətini tez-tez dilə gətirməyə başlayıb. Baş məşqçi nəinki qitə yarışında, hətta Azərbaycan çempionatında layiqli mübarizə aparmaq üçün yeni futbolçulara ehtiyac duyur. Hücum xətti güclənməsə, “atlılar”ın belə büdrəmələri çoxalacaq.

Problemləri komandaların öz işidi, onları daha tez və düzgün həll edənlər qarşıdakı turlarda bunun faydasını görəcək. Kimisi heyəti gücləndirməyə, kimisi komplektləşməyə, kimisi də sabitliyə ehtiyac duyur. Və hazırkı turnir cədvəli heç də təsadüfən belə qurulmayıb. “Sabah” və “Sumqayıt”da məşqçi işi hiss olunur və bu vacib amil cütlüyün zirvəyə şərik olmasını şərtləndirib.

Əsas odur, çempionat gərgin keçir. Yüksək səviyyəli yarışdan danışa bilməyəcəyik, amma rəqabətsiz start izləməkdəyik. Əsəbi möhkəm olanlar, təcrübəsindən yararlananlar sonadək davam gətirəcək (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu