“Qarabağ”ın yeni transferi haqda ŞOK MƏLUMATLAR!

20:00 Qarabağ 438
“Qarabağ”ın yeni transferi haqda ŞOK MƏLUMATLAR!

“Qarabağ”ın yeni transferi Reda Xadra yaxın gələcəkdə “köhlən atlar” üçün önəmli futbolçuya çevriləcək.

Oyunçu keyfiyyətləri barədə uzun-uzadı danışmağa gərək yoxdur. Bir onu demək olar ki, əsl “Qarabağ”lıq oyunçudur.

Redanın həyatı və karyerası ilə bağlı bir sıra maraqlı faktlar mövcuddur ki, yeni transferi sizə yaxından tanıdacağıq.

Livan əsilli alman

Tam adı Reda Yusef Xadra olan futbolçu 2001-ci ilin iyulunda 4-də Almaniyanın paytaxtı Berlində dünyaya göz açıb.

Valideynləri Livanın cənubunda yerləşən Tire (Sur) şəhərindəndir. Valideynləri 90-cı illərin sonlarında Livandakı vətəndaş müharibəsi dövründə vətəni tərk edərək Berlinə köçüblər.

Xadranın iki bacısı Livanda doğulsa da, qardaşı ilə özü Almaniyada dünyaya gəlib. Odur ki, həm Almaniya, həm də Livan vətəndaşlığını daşıyır. Onu Livanəsilli almaniyalı futbolçu kimi qələmə vermək olar.

Yeri gəlmişkən, futbola gəlməsində bacılarının rolu az olmayıb. Hər ikisi, hətta qardaşı da futbolla məşğul olduğundan, o da onların yolu ilə getməyi qərara alıb.

Futbolu atıb, başqa işə başlamaq istəyirmiş

“Qarabağ”ın “10 nömrə”si futbolun sirlərini Berlində öyrənməyə başlayıb. Bir müddət “Herta”nın akademiyasında olub, daha sonra “Tennis Borussiya Berlin”ə üz tutub.

15 yaşında, yəni 2015-ci ildə Dortmund “Borussiya”sının skautlarının diqqətini çəkərək şəhəri dəyişmək müəcburiyyətində qalıb. Və burada uğurlu inkişafa qədəm qoyub.

“Borussiya”nın U-17 və U-19 komandalarında oynayıb və hər iki yaş qrupunda Almaniya çempionu adını qazanıb, UEFA Gənclər Liqasında çıxış edib.

Əsas komandanın formasını da geyinməyə imkan tapıb. 2019-cu ildə “Enerji Kotbus”la yoxlama matçında komandasının 5:0 hesablı qələbəsinə vurduğu 1 qolla töhfə verməsinə baxmayaraq, rəsmi matçda debüt edə bilməyib.

Reda 2020-ci ildə “Borussiya”dan ayrılandan sonra futbolçu karyerasını başa vurmaq fikrinə düşüb. Koronavirus pandemiyası dövründə ölkəni tərk etmək və yeni klub tapmaq müşkülə çevrildiyindən, üstəlik, yerli klublardan konkret təklif olmadığından, başqa iş tapıb futbolla ömürlük vidalaşmaq barədə götür-qoy edib.

“Mançester Siti” ilə oyunda debüt

Pandemiya dövrünün sonlarında gözlənilmədən İngiltərə klubu “Brayton”dan təklif alıb. Lakin bir şərtlə, sınaq məşqlərində və oyunlarında özünü yaxşı tərəfdən göstərməliymiş. Reda testdən uğurla keçərək 3 illik müqaviləyə imza atıb.

Burada qısa müddət keçirəndən sonra müxtəlif dönəmlərdə icarə əsasında “Blekbörn”, “Şeffild Yunayted” və “Birmingem” kimi köklü klublarn sıralarında olub.

2021 /22 mövsümündə “Blekbörn”ün heyətində 2-ci liqada, yəni Çempionşipdə meydana çıxdığı 27 oyunda 4 qol vurub, 3 assist etməklə azarkeşlərin sevgisini qazanmağı bacarıb. Hətta “Kristal Pelas”ın qapısına vurduğu top mövsümün ən yaxşı qolu seçilib.

2022-ci ildə aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənar qalan Reda, 2024-cü ildə Fransa “Reyms”inin heyətində PSJ ilə oyunda eyni diaqnozla – öz çarpaz bağlarının cırılması səbəbindən futboldan uzaq düşüb.

Səbəbkar İngiltərə Premyer Liqasının həyəcanını hiss etməyə də imkan tapıb. 2020-ci ildə, cəmi 19 yaşında “Brayton”un heyətində Premyer Liqada ilk rəsmi oyununu “Mançester Siti”yə qarşı keçirib. Bu, İngiltərə elitasında onun üçün ilk və son matç olub.

2023-cü ildə Fransa “Reyms”i ilə anlaşan futbolçu qısa müddətdə icarə əsasında “Havr”da forma geyinib. “Reyms”in heyətində Liqa-1-də 42 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmənin müəllifi olub.

“Qarabağ”a fayda verəcək?

Xaraktercə sakit, ünsiyyətcil və baş məşqçilərlə problem yaşamayan biri olsa da, bir neçə dəfə ciddi zədə alması müəyyən risk yaradır.

“Borussiya Dortmund” akademiyasında yer alması, Premyer Liqa və Liqa-1-in həyəcanını hiss etməsi, Çempionşipdə üç fərqli klubda çıxış etməsi, Almaniyanın U-21 millisinin şərəfini qoruması Xadranın “Qarabağ”a ciddi fayda verəcəyinin göstəriciləridir. Və ən əsası, Qurban Qurbanovun futbol fəlsəfəsinə uyğun olan futbolçudur.

Hər halda maraqla gözləməyə dəyər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti