“Tvente”nin baş məşqçisinin də, fanatlarının da “Qarabağ”dan qisas almaq arzusu baş tutmadı.
90 dəqiqənin tamamında Con van den Brom 4 il əvvəl olduğu kimi, yenə məyus idi, niderlandlı azarkeşlər isə dadı qaçmış pivəni tribunadan futbolçularına tullayırdı.
İllərin Veqhorstu - 2 il əvvəl Avroliqada «Ayaks»ın heyətində Bakıda «Qarabağ»a qol vuran, bu yay «Tvente»yə keçən 34 yaşlı forvard da məyus idi.
O vaxt 0:3 hesabıyla uduzanda biz dilxor olmuşduqsa, bu dəfə «Qarabağ»ın tərs silləsi Veqhorst və komandasına dəymişdi.
«Mançester Yunayted»i, «Bayer Leverkuzen»i dolaşıb, indi də «Tvente»də idman direktoru postunda peyda olan Erik Ten Haaq da, yəqin ki, ilk dəfə gördüyü bu Azərbaycan klubunu uzun müddət unutmayacaq.
Çünki bütün proqnoz və ehtimallara görə, «Qarabağ»ın Enshedede qalib gəlməsi real görünmürdü.
Qurban Qurbanovun komandası proqnozları alt-üst etdi.
Düzdür, «Qarabağ» «Tvente» qarşısnda dominant futbol oynamadı, yaxşı oyun göstərmədi. Amma pley-offda yaxşı oyun deyil, nəticə vacibdir.
Bəxtimizin gətirdyi epizodlar da oldu. Hakimin top Mateus Silvanın bədənindən əlinədək gəzdiyi epizodda penalti verməməsi də şansın üzümüzə güldüyü an idi.
Amma məsələn, Kadinin dirəkdən dönən zərbəsində də şans «Tvente»nin yanında idi. Matçın yeganə qolunu isə «Qarabağ»ın ən yaxşılarından olan Jali Muadib yaratdı.
Deyesən, «Qarabağ»ın yeni Zubiri Jali olacaq. Həm oyun tərzi, həm görünüşü ilə Zubiri xatırladır, üstəlik, ikisi də Mərakeş əsilli Fransa vətəndaşıdır.
Qələbə qolunun müəllifi Kadi isə bizim futbolun tarixinə düşdü. Azərbaycan klublarının Konfrans Liqasındakı ən çox qol vuran oyuncusu kimi.
Buna qədər o, bu turnirdə vurduğu 5 qola 2021/2022-ci illər mövsümündə imza atmışdı.
Beş illik susqunluqdan sonra Kadi çox vacib qol vuraraq, Konfrasn Liqasındakı bombardirlərimiz arasında «Sabah»lı Coy-Lens Mikels və keçmiş «Qəbələ»li Rafael Utsiqi geridə qoyaraq, şəriksiz lider oldu.
«Tvente» ilə «döyüş»ün hələ birinci hissəsi bitib. Avqustn 27-də Bakıda həlledici qarşılaşma olacaq.
«Qarabağ» bu fürsəti əldən verməməlidir. Yarımcan vəziyyətdə olsa belə, «Tvente»nin «can»ını alaraq, ardıcıl 13-cü dəfə avrokubokların əsas mərhələsində oynamalıdır.
Bu tarixə siz də Respublika stadionunun tribunalarından canlı şahidlik etməlisiz, azarkeşlər! Möhtəşəm dəstək ab-havası yaratmaqla.
İlkin Fikrətoğlu
