Bu gün “Qarabağ” klub tarixinin daha bir vacib oyununa çıxır.
Ardıcıl 12 ildir avrokubokların qrup mərhələsinə vəsiqə qazanan “köhlən atlar” uğurlu seriyanın qırılmaması üçün “Tvente”ni mübarizədən kənarlaşdırmalıdır.
Ağdamlıların ötən həftə Niderlandda 1:0 hesablı qələbəyə sevinməsi təbii ki, bizimkilər üçün müəyyən üstünlükdür.
Bu dəfə azarkeş dəstəyi və meydan amili də “Qarabağ”ın xeyrinə işləyəcək.
“Tvente”nin xeyrinə işləyə biləcək yeganə amil səfər komandası statusu ola bilərdi ki, bu anlayış da onlara yaddır.
Yaxın keçmişə, 2024-cü ilin yayından bu günə qədər olan nəticələrə nəzər salanda, “qırmızılar”ın “köhlən atlar”ı Bakıda məğlub etməsinin çətinliyi üzə çıxır.
“Tvente” 2024/25 mövsümündə mübarizəyə Çempionlar Liqasının 3-cü mərhələsindən başlayıb və ilk cəhddə Avstriyada “Zalsburq”a 1:2 uduzaraq Avropa Liqasının əsas mərhələsinə yuvarlanıb.
Burada 8 oyun keçirib ki, bunlardan 4-ü səfərdə baş tutub.
“Mançester Yunayted” (1:1), “Nitsa” (2:2), “Olimpiakos”la (0:0) oyunlar heç-heçə başa çatıb, “Malmö”ilə qarşılaşmada 3:2 hesabı ilə qələbə qazanıb. Bir sözlə, əsas mərhələ çərçivəsində səfərdə keçirilən 4 görüşün heç birində uduzmayıb.
Pley-off oyunu çərçivəsində “Budo Qlimt”lə Norveçdə görüş meydan sahiblərinin 5:2 hesabı ilə başa çatıb.
Enshede təmsilçisi cari mövsümdə mübarizəyə Avropa Liqasının 2-ci mərhələsindən start verib ki, Macarıstanda “Ferentsvaroş”la 2:2 bərabərə qalıb.
Macar səddini keçmək mümkün olmadığından, “qırmızılar” mübarizəyə Konfrans Liqasının 3-cü mərhələsindən davam edib. “Dunayska Streda” ilə Slovekiyadakı qarşılaşma heç-heçə başa çatıb – 3:3.
Beləliklə, “Qarabağ”ın rəqibi 2024-cü ildən bu yana səfərdə son 8 avrokubok görüşünün 2-də məğlub olub, 5-ni heç-heçə oynayıb və yalnız bir halda qələbəyə sevinib.
Bu axşam onları yalnız və yalnız qələbə maraqlandıracaq. Çünki heç-heçə belə, “köhlən atlar”ı əsas mərhələyə daşıyacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ-
