"Tvente" səfərində meydanın ən yaxşılarından biri Bədavi Hüseynov idi.
Sanki 35 yox, 18 yaşı vardı.
Karyerasının sonlarına yaxınlaşsa da, özünü ilk günlərindəki kimi aparır. Uzun müddət ehtiyatda qalsa belə, bu günlər üçün özünü hazır saxlaya bilib.
Peşəkarlıq budur.
"Qarabağ"a gələndə sıradan bir gənc idi. Arxada qalan illərdə milli komandanın "Qarabağ"ın əsas simasına çevrildi.
Daha nələr qazanmadı ki...
Həm uğur, həm də böyük pullar...
Amma heç vaxt uğurlardan başı gicəllənmədi.
Tez-tez yerli oyunçuların azacıq parlayan kimi başlarının gicəllənməsindən, intizamsız və tənbəl olmalarından şikayətlənirik.
Bədavidə isə bunun tam əksidir.
İllər keçdi, titullar qazandı, böyük oyunlar keçirdi, milli komandada oynadı, Avropada özünü göstərdi. Amma dəyişmədi.
Əksinə, illər onu daha da peşəkarlaşdırdı.
Bu gün gənc futbolçulara "necə futbolçu olmaq lazımdır?" sualının cavabını uzun-uzadı izah etməyə ehtiyac yoxdur.
Bədavini göstərmək kifayətdir.
Yaşın 18, 25, 35 olması əsas deyil. Əsas məsələ öz işinə münasibətindir.
Bədavi Hüseynovun "Tvente" səfərindəki oyunu bir daha göstərdi ki, istedad futbolçunu üzə çıxara bilər, amma peşəkarlıq onu illərlə zirvədə saxlayır.
Bədavi bu baxımdan sadəcə yaxşı futbolçu yox, hər tərəfli nümunədir.
XANOĞLAN/ SPORTİNFO.AZ
