Qurban Qurbanov bu yazını oxusa...

20:00 Qarabağ 275
Qurban Qurbanov bu yazını oxusa...

Hamı “Qarabağ”dan danışır.

Bəlkə də əvvəlki heyət olsaydı, ağdamlıların səfərdə “Tvente”ni 1:0 məğlub etməsi bu dərəcədə əks-səda doğurmazdı.

Lakin aparıcı futbolçuların bir neçəsinin komandanı tərk etməsi, Qurban Qurbanovun sərəncamında olanların çoxunun zədədən əziyyət çəkib, vərəqə cəzalısı olması fonunda Niderlandda əldə olunan zəfər bayram ab-havası yaratdı.

Hamını bu sual düşündürür. Necə oldu ki, yarımcan “Qarabağ” səfərdə “Tvente” kimi rəqibi udmağı bacardı?

Başlıca amil olaraq Qurbanovun rəqibin oyununu “oxumasını” və futbolçularına lazım olan tapşırıqları verməsiydi.

Əsas tapşırıq “Tvente”nin cinah asmalarının qarşısını almaq idi. Cərimə meydançasında ağalıq etməyə öyrəşən Veqhorstun başla fərqlənməməsi üçün cinahlardan topun qapı qarşısına havalandırılmasına icazə vermək olmazdı.

Baş məşqçi Bruno Lanqa ilə Mateus Silvaya hansı anda nə etmək lazım gəldiyini xüsusi şəkildə bildirmiş, cinah yarımmüdafiəçiləri Jali Muaddiblə Aleksey Kaşuka müdafiəyə kömək etməyi tapşırmışdı.

İlk hissədə “Tvente”nin asmalar hesabına fərqlənmək istəyi baş tutmadı, Bir neçə epizodda top cərimə meydançasına ötürülsə də, “Qarabağ”lılar təhlükənin qarşısını aldı, ya da rəqib futbolçuların zərbəsi qeyri-dəqiq oldu.

Vəziyyətin ürəkaçan olmadığını görən “Tvente” Yon van den Brom ikinci hissədə taktiki dəyişikliyə əl atmaq məcburiyyətində qaldı.

Niderland təmsilçisi bu dəfə cinahlardan yox, məhz iti və qısa ötürmələr hesabına “Qarabağ”ın cərimə meydançasına daxil olaraq fərqlənmək istəyirdi.

Qurban Qurbanov bunu da “oxudu” və qarşısını zamanında aldı. Öncə mərkəz yarımmüdafiəçilərinə nisbətən geri çəkilməli tapşırdı ki, arxada sixlıq yaransın.

Daha sonra Dani Boltu döyüşə atıb, rəqibin hücumları zamanı müdafiəçi, ağdamlıların əks-hücumları zamanı cinah yarımmüdafiəçisi funksiyasını ona tapşırdı. Məhz Daninin oyuna qioşulmasından sonra “Tvente”nin əlq-olu bağlandı.

Baş məşqçinin futbolçuları oyuna kökləməsi də illərdir topladığı təcrübənin nəticəsiydi. Heç bir halda “Tvente”dən qorxmaq olmazdı.

Meydanın hər qarışında pressinq etməli, hər top uğrunda sona qədər mübarizə aparmalı, top bizimkilərdə olanda böyük qüvvə ilə irəli atılmaq gərəkirdi.

Futbolçularda zərrə qədər də olsun qorxu və həyəcan yox idi. Sanki hər biri ölüm-qalım savaşına çıxıbmış kimi döyüşürdü. Elə qazanılan qələbədə taktiki gedişlərlə yanaşı, yüksək motivasiya da xüsusi rol oynadı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti