Kamilo Duranın gedişinə "Qarabağ" azarkeşləri hələ də narazılıq edir.
Kolumbiyalı Azərbaycana gələndə çoxlarının tanımadığı, böyük ümidlər bəsləmədiyi bir futbolçu idi.
Amma meydanda özünü göstərmək üçün ona çox vaxt lazım olmadı.
Keyfiyyəti, sürəti, texnikası və qol duyumu ilə diqqət çəkdi, “Qarabağ”ın heyətində özünü təsdiqlədi.
Ardınca isə karyerasında növbəti böyük addımı atdı – Şotlandiyanın nəhəngi “Seltik”ə keçdi.
Duran “Seltik”də də özünü göstərməkdə davam edir.
Xüsusilə son Çempionlar Liqasının pley-off matçında “LASK”a qarşı “Celtic Park”da vurduğu iki möhtəşəm qolla yenidən gündəmə gəldi.
Avstriya klubuna qarşı 3:0 hesablı qələbədə 38-ci və 67-ci dəqiqələrdə fərqlənərək dubl etdi.
Bir vaxtlar “Qarabağ”ın heyətində parlayan futbolçu indi Avropanın ən böyük səhnələrindən birində özünü göstərir.
Bütün bunlara baxmayaraq, bəzi azarkeşlər hələ də Duranın “Qarabağ”dan gedişindən narazıdır.
O, hər qol vuranda bu dalğa daha da böyüyür.
Sanki klub onu buraxmaqla səhv edib, sanki belə futbolçunun qarşısını almaq mümkün və doğru addım deyilmiş.
Duranın “LASK”ın qapısına vurduğu iki möhtəşəm qola baxanda həmin etiraz edən azarkeşlər yadıma düşdü.
Bir anda duruxdum və qeyri-ixtiyari öz-özümə cavab verdim:
Axı bu adamı necə saxlamaq olardı?
Əvvəla, saxlamaq olmazdı. Qarşısında “Seltik” kimi klubdan gələn təklif, daha böyük səhnə, daha yüksək maddi qazanc və karyera perspektivi var.
Belə bir fürsətin qarşısını almaq nə qədər doğru olardı?
Hətta “Qarabağ”ın onu saxlamaq imkanı olsaydı belə, bunu etmək təkcə Duran üçün haqsızlıq olmazdı, həm də futbola xəyanət olardı.
Çünki bu çapda, bu potensialda olan futbolçu boş tribunaları, normal infrastrukturu və inkişaf imkanları məhdud olan Azərbaycan Premyer Liqasında oynamağa layiq deyil.
Duranın yolu daha böyük arenalardan keçməli idi və keçir.
"Qarabağ" isə buna yol açdığı üçün təşəkkür düşür.
XANOĞLAN/ SPORTİNFO.AZ
