“Qarabağ” “Tvente” ilə oyuna yarımcan heyətlə yollanmışdı.
Hücumçu Zakaria Savonun, müdafiəçi Elvin Cəfərquliyevin zədəli olması, vinger Abdullah Zubirin gözlənilməz gedişi azmış kimi matç günü yarımmüdafiəçi Pedro Bikalyo və yeni transfer olan digər sol vinger Renaldo Sepasın da oynaya bilməyəcəyi dəqiqləşdi.
Bu səbəbdən matçda komandanın ehtiyatında cəmi 7 futbolçu yer almışdı (“Tvente”də isə 12). Onlardan da ikisi qapıçı (Şahruddin
Məhəmmədəliyev və Mateus Koxalski), ikisi avrokuboklarda ya yetərli, ya da heç təcrübəsi olmayan Hikmət Cəbrayılzadə və Əli Bəşirov idi. Beləliklə, belə ağır oyunun məsuliyyətini öz üzərinə götürə biləcək vur-tut 3 nəfər qalmışdı - zədəsini indi-indi sağaldan Bəhlul Mustafazadə, bu mövsüm az oyun şansı qazanan Joni Montiel və Dani Bolt.

Göründüyü kimi, oyun öncəsi “Qarabağ”la bağlı əsaslı narahatlıqlar çox idi. Amma baş məşqçi Qurban Qurbanov “pley-off”da komandasını həm oyun, həm də psixoloji baxımdan elə toparladı ki, artıq qətiyyətlə demək olardı - bəli, bu, görmək istədiyimizə yaxın “Qarabağ”dır.
Qurban Qurbanov xüsusən sol cinahdakı problemi ustalıqla aradan qaldırdı. Elvini əvəz edən Bruno Lanqa inamlı, cəsarətli idi və göstərdi ki, bu mövsüm oynadığı mövqedə güclü bir rəqabət olacaq. Və ya “Qarabağ”ın yeganə qolunun əsas səbəbkarı olan Jali Muaddib… Əslində sağ vinger olan fransalı Jali Muaddib Zubirin gedişini nəinki hiss etdirmədi, bu gün üçün ondan daha faydalı olduğunu nümayiş etdirdi. Topla incə rəftarı, texnikası, yaradıcılığı və meydanı yaxşı görmək qabiliyyəti ilə seçilən bu 25 yaşlı futbolçu “Qarabağ”a gəldiyi ilk gündən komandanın həqiqi liderlərindən biri olacağını göstərir.

Qətiyyətlə qeyd edə bilərəm: səbr edib mövsümün gedişatını gözləyin və zədələr olmasa, onun “Qarabağ”da hansı zirvələrə qədər yüksələcəyinə şahid olun…
Yeri gəlmişkən, yeni qapıçı Martin Zlomisliç də Qurban Qurbanovun Mateuş Koxalskini əbəs yerə ehtiyata göndərmədiyini öz qurtarışları və komandaya faydası ilə sübut edir.
Əlbəttə, “Qarabağ”ın oyununda çatışmazlıqlar da qalmaqdadır, komanda hələ tam formaya düşməyib. Ayrı-ayrılıqda xüsusən həm hücum, həm orta xətlə bağlı müəyyən çatışmazlıqlar qalmaqdadır, amma komandanın toparlandığını da görürük.
Bəli, Qurban Qurbanov bu işin ustasıdır. Belə yarımcan heyəti Avropanın ən güclü 8-ci liqasının - Niderlandın komandasına qarşı təkcə hazırlamaq deyil, həm də onunla səfərdən qələbə ilə qayıtmağı o bacara bilərdi. Bildi də.
İndi qalır Bakıdakı cavab matçında da “Tvente”ni üstələyib Konfrans Liqasının əsas mərhələsinə düşmək.
Sonra isə…
P.S. Bədavi Hüseynovu da unutmayaq! 35 yaşlı kapitan sanki gəncliyinin ikinci dövrünə qədəm qoyub. Əsl liderlik keyfiyyətlərini, əzmkarlığı, güclü iradəni onun timsalında görə bilirik (qol.az)…
