“Qarabağ”ın müdafiəçisi Jeremi Qnali ötən mövsümün yarısında komandaya böyük ümidlərlə transfer edilmişdi.
Sol cinah üçün nəzərdə tutulan futbolçunun ən pis halda Elvin Cəfərquliyevlə ciddi rəqabət aparacağı gözlənilirdi.
Amma Qnalinin “Qarabağ” macərası heç də planlaşdırıldığı kimi alınmadı.
İlk gündən özünü doğrultmaqda çətinlik çəkdi və qısa müddətdə onun “Qarabağ” səviyyəsinə uyğun olmadığı fikri formalaşdı.
Göstərdiyi performans məşqçilər korpusunu qane etmədi, ona bəslənən ümidlər isə puça çıxdı.
“Qarabağ”ın seleksiya işində bu qədər uğursuz transferə nadir hallarda rast gəlinib. Bəlkə də beləsi hələ olmayıb.
Adətən gətirdiyi futbolçuların böyük əksəriyyətindən maksimum fayda götürməyi bacaran Ağdam təmsilçisi bu dəfə ciddi şəkildə yanıldı.
Əbəs deyil ki, cəmi 6 ay sonra - yay fasiləsində Qnali ilə yolların ayrılmasına qərar verildi.
Lakin qərarı həyata keçirmək heç də asan deyil.
Çünki 3 illik müqaviləsi olan futbolçuya yaxın duran yoxdur.
Hazırda nə transfer təklifi var, nə də onu icarəyə götürmək istəyən klub.
Görünür, bu gün üçün Qurban Qurbanov kimi heç kim onda perepektiv hiss etmir.
Beləliklə, “Qarabağ”ın heyətində görmək istəmədiyi, planlarında yer almayan Jeremi Qnali hələlik klubun əlində qalıb demək doğru olar.
XANOĞLAN/ SPORTİNFO.AZ
