“Qarabağ” Konfrans Liqasına vəsiqə qazanmaq uğrunda iki oyun keçirəcək.
Pley-off mərhələsindəki rəqib azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan “Tvente”dir.
İlk qarşılaşma avqustun 20-də Niderlandda baş tutacaq ki, səfərə itkilərlə yollanan “köhlən atlar”ın uğurlu nəticə qazanması çətin görünür.
Meydan və azarkeş amili də heç şübhəsiz meydan sahiblərinin xeyrinə işləyəcək.
Bəs, “Qarabağ”ın xeyrinə işləyən amillər hansılardır? Nəyin hesabına Enshededən ümidverən nəticə ilə qayıtmaq olar.
Komandanın əsas simalarından olan macarıstanlı müdafiəçi Bense Varkoni Sportinfo.az-a açıqlamasında bu barədə danışıb:
“Güclü, titullu və təcrübəli rəqibə qarşı oynayacağıq. Sözsüz, ilk oyunda meydan və azarkeş amili onların xeyriinə olacaq. Lakin cavab qarşılaşması biz eyni üstünlüyə sahib olacağıq.
Rəqibin adından asılı olmayaraq, meydana “Qarabağ”ın adını sübut etmək çıxırıq. Çünki bu komanda ötən il Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyib.
Səfərdə oynayacağımıza baxmayaraq, uğurlu nəticə əldə edəcəyimizə inanırıq. Rəqibin adı bizi qorxutmur, əksinə, motivasiya verir.
Bizim üstünlüyümüz xarakter və döyüşkənlik göstərməyimizdir. Məhz bu keyfiyyətlərin sayəsində sərfəli nəticə ilə qayıdacağımıza ümid edirəm”.
Avqustun 20-də Enshede şəhərindəki “De Qrolş Veste” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
HƏBİB
