Qurban Qurbanovu ard-arda 3 problem yaxaladı - Neyləyəcək?

01:50 Qarabağ 119
Qurban Qurbanovu ard-arda 3 problem yaxaladı - Neyləyəcək?

Mərkəz hücumçusu Zakaria Savo zədəli idi.

Dünən Misli Premyer Liqasında “Şamaxı” ilə oyundan əvvəl məlum oldu ki, Elvin Cəfərquliyevin ayaq əzələsinin vətərində yırtıq aşkarlanıb.

Bundan əvvəl isə Abdullah Zubirin komandanı tərk etdiyi açıqlandı.

Dünən “Şamaxı” ilə matçda Renaldo Sepas da zədələnib. Baş məşqçi Qurban Qurbanov deyir ki, onun “Tvente”yə qarşı bu həftə UEFA Konfrans Liqasında oynayıb-oynamayacağı bu gün müəyyənləşəcək.

Maraqlıdır ki, hər üç futbolçu sol cinahda çıxış edir. Deməli, faktiki olaraq komandada sol cinah tam sıradan çıxmış vəziyyətdədir.

Baş məşqçi Qurban Qurbanov dünən keçirdiyi mətbuat konfransında “Tvente” ilə oyunda heyətdə dəyişiklik olacağının anonsunu verib. Onun narahatlıqla dediyinə görə, “çox planlaşdırmadıqları zədələri olub”. Üstəlik bəzi oyunçularda da yorğunluq var. Heyətdə dəyişikliklərin bir, yoxsa üç nəfəri əhatə edəcəyini isə Q.Qurbanovun söylədiyinə görə, “heç özü də bilmir”.

Beləliklə, “Qarabağ” düşərgəsindən son günlər ardıcıl olaraq xoş olmayan xəbərlər gəlir. Onsuz da Savonun zədələnməsi ilə
hücumun mərkəzində problemlər var idi. Məcburi 9 nömrə mövqeyində oynadılan Kaşuk hücumçu kimi oynadığı son 2 avrokubok oyununda 1 qol vursa da, tapşırılan işin öhdəsindən tam gələ bilmir.

Hücum xəttinin sol cinahında problem var: Zubir gedib, ona əvəzləyici qismində gətirilən Sepasın oynayıb-oynamayacağı sual altındadır (yazı hazırlanan ana qədər). Digər tərəfdən də hücuma fəal qoşulması ilə fərqlənən Elvin də zədələnib. Bir sözlə, hazırda “Tvente” ilə oyuna görə narahatlıq üçün yetərincə əsas var.

Yeri gəlmişkən, Niderland təmsilçisi ölkə çempionatının 2-ci turunda, “Qarabağ”la oyun öncəsi “Zvolle” komandasına 3:1 hesabı ilə qalib gəlib. Komanda UEFA Konfrans Liqasında “pley-off”a qədər gəlsə də, üzərində həm medianın, həm də azarkeşlərin güclü basqısı var.

“Tvente”nin baş məşqçisi Con van den Brom 2 gün əvvəl deyib ki, “Qarabağ”la qarşıdakı iki oyun komanda üçün həlledici əhəmiyyət daşıyır, azarkeşlərin dəstəyinə isə əmindir.

Niderland tərəfindəki ab-hava göstərir ki, komanda mərhələni 2 oyunluq qələbə ilə keçməyə köklənib. Çünki qazanılan xallar ölkənin UEFA reytinqindəki mövqeyini (7-ci) gücləndirməlidir…

Elə 26-cı yerdə olan Azərbaycanın klubuna - “Qarabağ” da Liqa mərhələsinə düşməyi hədəfləyib.

Hazırda heyət sarıdan problemi olan Ağdam təmsilçisinin bu işin öhdəsindən gəlib-gəlməyəcəyini isə yalnız zaman göstərəcək (qol.az)…

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!