"Qarabağ"da yeni ad, keçmiş xatirə

17:40 Qarabağ 233
"Qarabağ"da yeni ad, keçmiş xatirə

"Qarabağ"ın yay fasiləsində heyətinə qatdığı yeni transferlərdən biri də Samuel Lobato oldu.

24 yaşlı yarımmüdafiəçini avrokuboklarda 6 görüşdə üst-üstə 76 dəqiqə meydanda görə bilmişdik.

Onun da 51 dəqiqəsi həvəskar səviyyədə olan "Vestri" ilə matçlara təsadüf edirdi.

Belədə barəsində nəsə demək çətin idi.

İlk dəfə "Şamaxı" ilə matçda start heyətində yer alan oyunçunu 55 dəqiqə izləmək şansımız oldu.

Açığı, çox bəyəndim. İlk dəfə diqqətimi çəkdi. Oyunundan zövq aldım. Topla rəftarı, birə-birlərdə rəqiblərini geridə qoyması, meydanı görmə bacarığı və.s.

Kənardan astagəl oyunçu təsiri bağışlayır.

Amma ağıllı qərarları, hərəkətdə rəqiblərini aldatması, gövdəsi ilə top gizlətməsi, lazım olan anda lazım olan yerdə olması əsas özəllikləridir.

Bir qədər də Miçeli Maderanı xatırlatdı mənə.

Söhbət 2015/20-ci illər aralığında Ağdam klubunun şərəfini qorumuş ispaniyalı orta sahə oyunçusundan gedir.

Qurban Qurbanovun sevimli oyunçularından, istədiklərini meydandan əla icra edən biri idi.

Hətta Qurbanov bir neçə gün əvvəl Miçeli xatırlamış, o səviyyədə oyunçuların rəhbərliyi altında görməyi çox istədiyini bildirmişdi.

Deyəsən, təcrübəli mütəxəssis axtardığı Miçeli tapıb.

Razıyam, "Şamaxı" "Dinamo" deyil.

Bölgə klubu ilə oyun göstərici sayıla bilməz. Amma niyəsə Lobato məndə yeni Miçel işartılarını yarada bildi.

Gözləyək, görək zaman qarşımıza nə çıxaracaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti