Misli Premyer Liqasının I tura yekun vurulub. Son oyun günündə "Qarabağ" "Şamaxı"nı qəbul edib. Meydan sahibləri matçda 3:1 hesablı qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sualları cavablandırıb:
“Futbolçularımı təbrik edirəm. Oyun gərgin keçdi. Bu, bizim üçün vacib qələbə idi. İnanıram ki, qarşıdakı oyunlar da sizin üçün maraqlı olacaq. Hər bir məşqçiyə, hər bir komandaya uğurlar arzulayıram. Görünür, çempionatın hər oyununa ciddi yanaşmalıyıq. Futbolçular buna hazır olmalıdırlar."
- Abdullah Zubir üçün vida matçı təşkil edilmədi...
- Biz ona belə bir şey təklif etməmişdik. Hər şey qəfil baş verdi, hazırda bunun üçün sadəcə vaxtımız yoxdur. Zubir sadə futbolçudur, davranışı və mənəvi keyfiyyətləri yüksək olan insandır. O, burada gördüyü işi və həyat tərzini həmişə yüksək qiymətləndirib. Ayrılıqlar çox olur. Hər futbolçunun öz həyatı var. Əsas məsələ həmin həyatdan necə istifadə etməsidir. Zubir məşqləri buraxmırdı, intizam qaydalarını pozmurdu. Həmişə saat mexanizmi kimi işləyirdi. Belə futbolçuların daha çox olmasını istərdim. Zubir “Qarabağ” üçün yaxşı futbolçu idi.
- Çempionat oyunlarının təxirə salınmaması avrokubok qarşılaşmaları üçün bir maneədir?
- PFL qaydalarına əsasən pley-off mərhələsində müəyyən güzəştlər nəzərdə tutulub. Biz artıq Konfrans Liqasında bir neçə oyun keçirmişik. Oyun üslubumuz dəyişməz qalır, amma dəyişikliklər mümkündür. Sadəcə, bəzi futbolçular optimal formada deyil və bu da bizə çətinlik yaradır. Buna baxmayaraq, Premyer Liqa oyunlarını təxirə salmaq da istəmirik.
- Bəhlul Mustafazadənin hazırlıq durumu necədir?
- Ümumi gedişatı pis deyil. Bir neçə aydır oyun təcrübəsi yoxdur. Ona görə də tələsmədən, yavaş-yavaş onu gücləndirməliyik. Ümid edirik ki, qarşıdakı günlərdə öz optimal formasını bərpa edəcək.
- Samuel Lobatonun oyununu necə qiymətləndirirsiniz?
- Uzun müddətdir meydana çıxmamağına baxmayaraq, yaxşı oynadı. Ümumilikdə onun aktivliyi, meydanda topla davranışı və hərəkətləri komandamız üçün lazım olan formada idi.
