“Qarabağ” Konfrans Liqasının əsas mərhələsinin bir addımlığındadır.
Bunun üçün pley-offda “Tvente” səddini aşmaq mütləqdir.
“Köhlən atlar” ilk oyunu Niderlandda keçirəcək ki, səfər planı məlumdur.
Sportinfo.az xəbər verir ki, ağdamlılar vətəni oyundan bir gün əvvəl – avqustun 19-da tərk edəcək.
Bakı vaxtı ilə saaat 14:00-da çarter reysli təyyarə ilə havaya qalxacaq nümayəndə heyəti 5 saatlıq uçuşdan sonra Almaniyanın Osnarbrukdəki “Munster” hava limanına enəcək.
Dayanacaq kimi Niderlandın yox, Almaniyanın seçilməsi təsadüfi deyil. Belə ki, paytaxt Amsterdamdan oyunun keçiriləcəyi Enshede şəhərinə avtobusla təxminən 2 saat məsafə qət etmək gərəkir.
Osnarbrukdən Enshedəyə qədər məsafə isə təxminən 1 saatdır. Baş məşqçi Qurban Qurbanov futbolçularını yol yorğunluğundan qorumaq üçün bu qərarı verib.
Qarşılaşmadan bir gün əvvəl Enshedəyə çatacaq komanda üzvləri həmin gün oyunöncəsi son məşqə çıxacaq. Qurbanovun mətbuat konfransı da məşqdən əvvəl baş tutacaq.
Avqustun 20-də “Tvente” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:00-da çalınacaq.
Cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
HƏBİB / SPORTİNFO.AZ
