Abdullah Zubir “Qarabağ”dan ayrılıb.
2018-ci ilin yayında “Lans“dan gələn fransalı yarımmüdafiəçinin istəyi və onun klubda illərlə göstərdiyi xidmətlər nəzərə alınaraq, müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
34 yaşlı vinger təzminat alınmadan yola salınıb. Sol cinah oyunçusu hələ mayın sonunda Ağdam təmsilçisinin düşərgəsini tərk edə bilərmiş.
O. həmin vaxt məşqçi korpusuna müraciət eləyərək, öz fikrini dilə gətirib. Zubirdən bir qədər gözləməsi istənilib.
Mərakeş kökənli legionerin diqqətinə çatdırılıb ki, onun mövqeyinə başqası tapılana qədər burada qalması məsləhətdir.
Zubir bundan sonra karyerasını Qətərdə sürdürəcək. “Əl-Şahaniya” ilə 2 illik müqavilə bağlayacaq. Ərəblər yarımmüdafiəçini ilk dəfə hələ 2024-cü ilin yayında sıralarına qatmağa cəhd göstərib.
Sadəcə, əcnəbi futbolçu həmin vaxt Azərbaycanda qalaraq, «Qarabağ»ın ən ödənişli üzvünə çevrilmişdi.
İllik 700 min dollar maaş alan legioner bundan sonra daha çox qazanacaq. “Əl-Şahaniya”dən iki il ərzində 3 milyon avroya yaxın əməkhaqqı alacaq.
Fransalı “Qarabağ”dan məhz pul üçün gedib. Səbəbkar bunu heç gizlətməyib də. İstər məşqçilərlə, istərsə də rəsmilərlə söhbətində niyyətini çəkinmədən söyləyib.
Karyerasının sonuna yaxınlaşdığını bildirib, bir də bu qədər pul əldə etməsinin mümkün olmadığını vurğulayıb.
Həmçinin deyib ki, “Qarabağ”a əvvəlkitək faydalı olacağına inanmır. Avrokuboklarda yaxşı çıxış etməyə fiziki cəhətdən çətinlik çəkdiyini, sürətini itirdiyini gizlətməyib
Zubir “Qarabağ”da ümumilikdə 368 matçda 78 qol vurub. O, komandanın heyətində 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
1 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA Avropa Liqasının, 1 dəfə UEFA Konfrans Liqasının əsas mərhələsində iştirak edib.
Zubir UEFA Çempionlar Liqasının və UEFA Konfrans Liqasının 1/8 finala vəsiqə uğrunda pley-off mərhələlərinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin iştirakçısı olub.
SPORTİNFO.AZ
