“Qarabağ”ın uzun illər formasını geyinən Abdullah Zubirin komandadan ayrılması futbol ictimaiyyətində müzakirə olunan aktiv mövzulardan biridir.
8 il Ağdam təmsilçisində çıxış edən mərakeşli futbolçu klubun qazandığı uğurlarda mühüm pay sahibi olub.
Onun ayrılığı kluba necə təsir edə bilər? Ümumiyyətlə, qərar doğru idimi?
Sportinfo.az-a açıqlama verən Azərbaycan millisinin və "Qarabağ"ın sabiq baş məşqçisi Şahin Diniyev suallarımıza cavab olaraq Zubirin yaşının artıq özünü göstərdiyini və “Qarabağ”ın yenilənmə qərarının doğru olduğunu bildirib:
“Bir gəlişin bir də gedişi hər zaman olur. Nəinki futbolda, hətta həyatda da belədir.
Bu baxımdan birinin gəlib, digərinin getməsi normaldır. Zubir “Qarabağ”ın önəmli, dəyərli oyunçusu olub.
8 il bu klubun formasını geyinib. “Qarabağ”ın uğurlarında əməyi danılmazdır.
Son zamanlar yaş öz sözünü deyirdi. Ustalıq yerində qalsa da, sürət aşağı düşür.
Bu da “Qarabağ”ın sürətinə təsir edirdi. Zubir “Qarabağ”ın lideri idi. Komandanı bəzən təkbaşına irəli daşıyırdı.
Amma yaş öz sözünü dediyi üçün “Qarabağ” da yeni nəfəs gətirmək üçün yenilənməyə gedib. Artıq 30 yaşın altında futbolçular heyətə cəlb olunur. Bu da anlaşılandır.
Zubir də karyerasının son illərini keçirir. O da öz gələcəyini düşünüb, maddi baxımdan daha çox qazanmaq istəyir, bu da normaldır.
Düşünürəm ki, “Qarabağ” düzgün addım atdı. Müqaviləsi ola-ola onu buraxdı.
Bu, Zubirin haqqı idi. Sakit şəkildə uzun illər komandaya çox xeyir vermişdi.
Məncə, “Qarabağ” 100 faiz bu ayrılıqda uduzmayacaq. Hər iki tərəf üçün uğurlu keçid oldu”.
XANOĞLAN İMANOV
