«Qarabağ» Abdullah Zubirin klubu dəyişməsindən pul qazanmayacaq.
Bu barədə Ağdam təmsilçisindən saytımıza bildirilib.
Verilən məlumatda qeyd olunub ki, fransalı vinger Səudiyyə Ərəbistanından təklif alması barədə rəhbərliyi məlumatlandırıb.
34 yaşlı legioner onun sərbəst buraxılmasını xahiş edib.
«Köhlən atlar» bura «Lans»dan gəlmiş sol cinah oyunçusunun ötən 8 ildəki xidmətlərini qiymətləndirib və ona azad agent statusu verib.
Baxmayaraq ki, Zubirin müqaviləsi 2027-ci ilin yayınadək bitəcək.
Komandanın kapitan sarğısını daşımış Mərakeş kökənli əcnəbinin keçidi ən qısa müddətdə açıqlanacaq. Əgər tibbi müayinə zamanı səhhətində hansısa problem aşkarlanmasa.
“Qarabağ”da 369 oyuna 79 qol və 96 asistlə yadda qalan “10 nömrə” bundan sonra ərəblərlə 2 illik müqavilə imzalayacaq.
Beləcə, bu yay «Qarabağ»ı tərk edən futbolçuların sayı 10-a çatıb.
Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade və Kamilo Duran «Qarabağ»dan gedib.
Zubirlə bağlı hadisə "Qarabağ"ın tarixində ilk deyil. Klubun başbilənləri 2 ay öncə belə bir ehtiramı Kevin Medinaya da göstərib.
Altı il bu formanı geyinmiş kolumbiyalı müdafiəçi təzminat ödəmədən Malayziyaya yollanıb və "Johor Darul Tazim"lə müqavilə bağlayıb.
SPORTİNFO.AZ
