Qurban Qurbanov öz pirini bizdən yaxşı tanıyır, ancaq...

11:20 Qarabağ 184
Qurban Qurbanov öz pirini bizdən yaxşı tanıyır, ancaq...

«Qarabağ» üç oyunluq «qol orucu»nu Bakıda pozdu. «Dinamo»dan revanş alındı və bu, Qurban Qurbanovun komandasının Konfrans Liqasında pley-off mərhələsinə yolunu açdı. Avropanın reytinqinə görə üçüncü dərəcəli turnirinin liqa mərhələsinə vəsiqə qazanmaq üçün daha bir səddi keçmək lazımdır indi. Köhnə tanışlardan «Tvente» ilə qarşılaşmalar bəlli edəcək ki, «Qarabağ» avro-sezonu minimum qışadək uzada biləcək, ya necə.
Bir az deməzdim, açığı, çox tərəddüd içindəyəm. Düzdür, «Qarabağ» Polşadakı oyuna nisbətən Bakıda daha diri, dinamik və istəkli 90 dəqiqə keçirdi. Qurbanovun illərdən bəri müəyyənləşdirdiyi dəst-xətt yerindədir - bu, heç. Topa yiyələnmək, onu ayaqda saxlamaq - bu ənənə qüvvəsindədir, pozulmayıb. Üçüncü zonada pressinq - bu, yenilikdir. Əvvəllər «Qarabağ» rəqibi birinci fazada basqı altında saxlamazdı, indi saxlayır. Aqressiv dərəcədə yox amma, müəyyən qədər yumşaq.
«Qarabağ»da sürət zəifdir. Mərkəzdən və cinahlardan keçidlərdə yavaş hərəkət edirlər. O qədər yavaş ki, «Dinamo»nun qapısına yaxınlaşmaq heç də tez-tez alınmadı. Mövqe hücumları təşkil etmək nə qədər çətindirsə, epizod yaratmaq və onu qola çevirmək ondan da çətindir.
Qurbanov yenə nəyisə fikirləşməli, mövcud problemi aradan qaldırmağın alternativ yolunu tapmalıdır. Bu, belə gedər, ancaq bir müddət. Köhnə «Qarabağ»ın silueti olmamaq üçün Kadi və Zubir kimi qədimyanə simalardan imtina etmək lazımdır bəlkə də. Və bəlkə də Yankoviçi ehtiyata çəkmək gərəkdir. Yenə də doğrusunu Qurban Qurbanov bilər. Axı pir onundur və kəramətinə hamımızdan yaxşı bələddir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 18:10 Çək və bizə göndər!