Qurban Qurbanovdakı səbrə heyranam.
Bu cür çətin dövrdə yaşayasan, o cür ağır yükün altına gorəsən, o böyüklükdə kollektivə rəhbərlik edəsən, di gəl, hövsələni sıxıb saxlayasan, sağa-sola baxmadan işini davam etdirəsən, qərarında qətilik göstərəsən.
Kiyev “Dinamo”suna səfərdə qeydə alınan məğlubiyyətdən sonra (0:1) içi mən qarışıq hamı bir ağızdan Abdullah Zubirlə Aleksey Kaşukun, eləcə də Kadi Borgesin əsas heyətdə yer almalı olmadığını deyir-yazır, “11-lik”də dəyişikliklərin vacibliyini iddia edirdi.
Həqiqətən də adları çəkilən futbolçular həm ÇSKA ilə oyunlarda, həm də “Dinamo” ilə Polşadakı dueldə imkanlarından aşağı səviyyədə çıxış etməklə özləri barədə mənfi fikirlər formalaşdırıb, Qurban Qurbanovu pis vəziyyətdə qoymuşdu.
Qurbanov işin içindədir, kimin nəyə qadir olduğunu bilir və sanki bu futbolçuların “Qarabağ”ı pley-offa daşıyacağını hiss edirdi. Kiyev nəghənginin Bakıdakı məğlubiyyətinin əsas səbəbkarları da məhz Zubirlə Kaşuk oldu.
Abdullah ilk qolun vurulmasında yaxından iştirak etdi ki, qapı qarşısına ötürdüyü topa Mateus Silva istədiyi kimi zərbə vura bilməsə də, Jali Muaddib yaxın küncü dəqiq nişan aldı.
Kaşuk isə Elvin Cəfərquliyevin qapı qarşısına paralel ötürməsinə raket kimi şığımaqla adət etmədiyi sağ ayaqla həmyerlisi Surkisi məyus etməyi bacardı. Bu qol “Qarabağ”ın pley-offa yüksəlməsinin təmin olunması demək idi.
Elvin, Jali, Bense, Bədavi, Martin – hər birini oyunun əsas qəhrəmanları hesab edə bilərik. Lakin söhbət həftələrdir qınağa tuş gələnlərdən gedirsə, bu oyunun taleyini məhz onlar həll etdi.
Təbii ki, Qurban Qurbanovun dəmir səbrinin və hədsiz inamının sayəsində. Ona görə də bu qələbəni yazaq baş məşqçinin adına.
HƏBİB / SPORTİNFO,AZ
