Ukrayna millisinin sabiq baş məşqçisi Miron Markeviç UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Dinamo” (Kiyev) cavab oyununu (2:0) şərh edib.
Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis sport.ua-ya açıqlamasında Kiyev təmsilçisinin çıxışını sərt tənqid edib:
“Burada, əslində, şərh ediləsi bir şey yoxdur. Mən də “Dinamo”nun oyununda müsbət nəsə görmək istəyərdim, amma buna yaxın belə heç nə yox idi.
İradəsiz komandadır. Xarakter yoxdur.
“Qarabağ”a bütün hörmətimlə deyirəm, onları keçmək olardı və keçmək lazım idi. Onlar əsas oyunçularının çoxunu satıblar, amma kiyevlilər bundan da istifadə edə bilmədilər.
Azərbaycan komandasının legionerlərinin fərdi ustalığı daha yüksək oldu və bu da qarşıdurmanın nəticəsini müəyyənləşdirdi”.
Markeviç “Dinamo” kimi klubun avrokuboklarda daha yüksək nəticələr göstərməli olduğunu vurğulayıb:
“Belə bir klub avrokuboklarda oynamalıdır. İndiki reallıqda heç olmasa Konfrans Liqasının liqa mərhələsinə çıxmalıdır. Amma “Dinamo” hətta bunu da bacarmadı.
Bu klub Avropada tanınır və öz imicini qorumağa borcludur. Yoxsa son dövrlərdəki kimi nəticələrlə Qərbdə bir-iki ildən sonra vaxtilə belə şanlı komandanın mövcud olduğunu unudacaqlar”.
“Dinamo” ilk görüşdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında 0:2 hesabı ilə uduzub və mübarizəni dayandırıb.
Kiyev klubu son 20 ildə ilk dəfə avrokuboklarda təsnifatın final mərhələsinə çatmadan mübarizədən kənarlaşdırılıb.
