Qurban Qurbanov: “Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik” - VİDEO

07:40 Qarabağ 83
Qurban Qurbanov: “Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik” - VİDEO

Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo”yu 2:0 hesabı ilə məğlub edərək pley-offa yüksələn “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli futbolçu azarkeşlərə minnətdarlığını bildirərək, üzərindəki çətinliklərdən və xarakter nümayiş etdirməsindən danışıb:

“İlk növbədə azarkeşlərə minnətdarlığımı bildirirəm, bu gün bizi yalnız buraxmadılar. Bir az komandaya inamsızlıq var idi, amma mərhələni adlayaraq bu şübhələri aradan qaldırdıq.

Şükürlər olsun ki, qələbə qazandıq. Rəqib çox yaxşı müdafiə olunurdu, oyun həddindən artıq çətin idi.

Mənim üçün də asan olmadı, çünki 3-4 aya yaxın əvəzedici heyətdə, meydançası bərbad olan yerlərdə, asfaltda məşq etmişəm və təzə-təzə adaptasiya oluram.

Bu gün ayağımda zədə var idi, amma meydanı tərk etmək istəmədim, xarakter göstərmək lazımdı.

Söz verirəm ki, əlimdən gələni edəcəm və azarkeşlər daha yaxşı Elvin görəcəklər”.

Oyundan sonra keçirilən mətbuat konfransında isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin “asfaltda məşq etmişəm” sözlərinə zarafatla münasibət bildirib:

“Bəlkə daha çox asfaltda məşq etmək lazımdır ki, düzəlsin (gülür). Asfaltda məşq etməyib, məncə...

Bəlkə fərdi məşq edib, bilmirəm. Faydası olacaqsa, tez-tez asfalta göndərərik”.

Ağdam təmsilçisi Bakıda keçirilən cavab qarşılaşmasında “Dinamo”nu 2:0 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqəni təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!
13 Avqust 08:30 "Sabah"dan yeni TRANSFER