Son 12 ildə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmış “Qarabağ” bu gün hayati oyuna çıxacaq.
Avropa Liqası ilə erkən vidalaşmış Ağdam təmsilçisi “tamam-davam” dilemması qarşısındadır.
Kiyev “Dinamo”sundan Bakıda revanş almasalar, qitənin reytinqinə görə üçüncü dərəcəli yarışmasını - Konfrans Liqasını üçüncü təsnifat mərhələsində tərk edəcəklər.
“Qarabağ”ın ən çox ehtiyat etməli olduğu 3 situasiya ilə tanış olun:
1. Oyun qurma zamanı top itkisi. İlk qol bunun ən yaxşı nümunəsidir. “Dinamo” topu qazandıqdan sonra çox az toxunuşla cərimə meydançasına daxil ola bilir.
2. “Qarabağ”ın çox futbolçu ilə irəli çıxmasından sonra arxa zonadakı 2v2 və 3v3 vəziyyətləri. “Dinamo” hesab üstünlüyünə görə məhz bunu gözləyəcək.
3. Oyunun emosional başlanğıcı. “Qarabağ” üçün ilk 15-20 dəqiqədə qol vacibdir, amma erkən qol axtararkən ikinci qolu buraxmaq cütün vəziyyətini tamamilə dəyişə bilər.
İlk 20-25 dəqiqə qarşılaşmanın açarı olacaq. “Qarabağ” stadionun dəstəyi ilə rəqibi geri sıxmağa çalışacaq, “Dinamo” isə aşağı və ya orta blokda səbirli şəkildə top itkisini gözləyəcək.
Əgər “Qarabağ” hesabı erkən 1:0 edə bilsə, psixoloji üstünlük tamamilə Ağdam klubuna keçəcək və oyun artıq faktiki olaraq sıfırdan başlayacaq.
Amma Qurban Qurbanovun komandası üçün səbr hücum tempindən daha vacibdir. 90 dəqiqə var və fərq cəmi bir qoldur.
İlk matç göstərdi ki, “Qarabağ” Kiyev komandasına qarşı topa sahib ola və onu geri çəkilməyə məcbur edə bilir. 66 faiz topa nəzarət və ilk hissədə 10 künc zərbəsi təsadüfi göstərici deyil.
Əsas məsələ bu üstünlüyün daha keyfiyyətli final üçüncü hərəkətlərinə çevrilməsidir.
Bu şərtlər yerinə yetirilərsə, 1:0 ilk oyunun nəticəsi “Dinamo” üçün rahat üstünlük deyil. Əksinə, Bakıda cütün taleyi tam açıqdır.
“Qarabağ”ın əsas rəqibi yalnız “Dinamo” deyil, özünün risk və səbir arasındakı balansı olacaq.
SPORTİNFO.AZ
