“Qarabağ” bu gün “Dinamo”nu məğlub etməlidir.
Bu, təkcə “köhlən atlar”a olan inamımızdan irəli gəlmir.
İnsanlarda nikbinlik yaratmalı olan məqam Ukrayna nəhənginin son illərdə səfərdə keçirdiyi oyunlarda uğursuzluqla üzləşməsidir.
Düzdür, “Dinamo” onsuz da rəqiblərini Ukraynada qəbul etmir. Rusiya ilə müharibə vəziyyətinə görə son 4 ildə qapısını döymədiyi ölkə qalmayıb. Yəni doğma meydan anlayışı onlar üçün çoxdan yad olub.
Fərq burasındadır ki, “ağ-göylər” rəqibini Polşada, yaxud Macarıstanda qəbul edəndə, tribunalarda 3-5 min ukraynalı sevimli komandalarına dəstək verir. Lakin səfərə gedəndə bu say kifayət qədər azalır, təxminən 50-100 nəfər olur.
Uzaq keçmişə boylanmağa gərək yoxdur. Təkcə 2024-cü ilin yayından bu yana “Dinamo”nun yad meydanda keçirdiyi matçlara nəzər yetirsək, “Qarabağ”ın bu axşam qələbəyə sevinəcəyini təxmin edə bilərik.
Hoffenhaym (Almaniya) – Dinamo – 2:0
Roma (İtaliya) – Dinamo – 1:0
Real Sosyedad (İspaniya) – Dinamo – 3:0
Qalatasaray (Türkiyə) – Dinamo – 3:3
Hamrun Spartans (Malta) – Dinamo – 0:3
Pafos (Kipr) – Dinamo – 2:0
Makkabi Təl-Əviv (İsrail) – Dinamo – 3:1
Samsunspor (Türkiyə) – Dinamo – 3:0
Omoniya (Kipr) – Dinamo – 2:0
Fiorentina (İtaliya) – Dinamo – 2:1
Universitatya Kluj (Rumıniya) – Dinamo – 0:0
PAOK – Dinamo – 2:0
Son 2 ildə 12 səfər qarşılaşması 9 məğlubiyyət, 2 heç-heçə və cəmi 1 qələbə. Həmin qələbə də Malta təmsilçisi üzərində qazanılıb.
“Böyük beşlik” ölkələrinin təmsilçiləri ilə işimiz yoxdur. “Dinamo” “Qarabağ”dan heç də üstün olmayan, bəlkə də geri qalan “Samsunspor”, PAOK, “Omoniya”, “Pafos”, “Makkabi” kimi rəqiblərinə məğlub olub.
Ümid edək ki, ağdamlılar bu axşam 30 minə yaxın azarkeşin dəstəyi altında “Dinamo”nu məğlub edib Konfrans Liqasının pley-off mərhələsinə yüksələcək.
Ötən həftə Polşada baş tutan ilk görüşdə rəqib komanda 1:0 hesabı ilə qələbə qazanmışdı.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ
