Əslində, “Qarabağ” bu yay transferlərə indiyədək olmadığı qədər vəsait xərcləyib.
Alınan 8 legioner üçün ümumiikdə təxminən 7 milyon avroya yaxın vəsait sərf olunub.
Elə təkcə Rusiyanın “Pari Nijni” klubundan transfer edilən Renaldo Sefasa görə ruslara təzminat və “Qarabağ”dakı 3 illik maaşı nəzərə alınmaqla, 2 milyon 500 min manat avro büdcədən ayrılıb.
Amma nə olsun, 1-2 il əvəvəl 200-300 min avroya alınan oyunçuların “Qarabağ”a verdiyi faydanı bu gün milyonluq transferlər vermir.
Bəlkə də 6 aydan, 1 ildən sonra Sefasın başına and içəcəyik, Varkonini “keçilmız divar”, Savonu da “qol maşını” adlandıracağıq.
Amma fakt bu gün yeni transferlər gözləniləni vermir. Avrokuboklar əldən çıxandan sonra “Şamaxı”, “Kəpəz”, ya “Şəfa” qarşısında at oynadan legioner nəyimizə lazımdır?
Cebrayıl kimi transferdənsə, Əzrayıl kimi bir bitirici hücumçu almaq lazım idi. Rəqib üçün qorxu saçan...
“Qarabağ” SSKA ilə iki oyunda, üstəgəl, 30 dəqiqəlik əlavə vaxtda, daha sonra yarımcan “Dinamo Kiyev”lə matçda - ümumilikdə 300 dəqiqə qol vura bilmirsə, demək, burada şans, bəxtsizlik-filan söhbətlərinin yeri yoxdur.
“Dinamo”nu 40 ildir izləyirəm - Bloxin, Zavarov, Belanov, Rats və Demyanenkonun vaxtından. Daha sonra 90-larda Şevşenkolu, Rebrovlu “Dinamo”nu Azərbaycanda kifayət qədər sevənlər vardı.
Avrokuboklarda belə zəif “Dinamo” bəlkə nə vaxtsa olub, mən xatırlamıram. “Qarabağ” hətta bu vəziyyətində belə, kiyevliləri məğlub edə bilərdi.
Nə yazıq ki, irəlidə qapıya normal zərbə vuran, hücumları bitirən bir kəs yox idi.
Əgər Qurban Qurbanov məcburiyyətdən Mateus Silvanı müdafiənin mərkəzində, Aleksey Kaşuku hücumun önündə oynadırsa, demək ki, bu yay transferlərə xərclənən pullar havaya uçurulub.
Avropada oynayasan və ortaya çıxarmağa normal “11-lik” tapmayasan - bu, rəzalətdir. Yəni bu komandaının zədəli forvardını əvəzləmək üçün ehtiyatda 1 normal hücmçusu yoxdur ki, Kaşukun ümidinə qalıb?
Kaşuka olan ümidi də Allah kəsin! Bu adam “Qarabağ”a gələndən Avropada bir normal oyun oynamadı da.
Qocalıb artıq, meydanda durduğu yerdə yıxılan Zubiri əvəzləməyə oyunçu yoxdursa, bu da bir rəzalətdir.
Həmçinin mərkəz müdafiəçisi olmayan komandanın avrokubokların əsas mərhələsini düşünməsi absurddan da absurddur.
İlkin Fikrətoğlu
