"Qarabağ" 12 mövsümlük aradan sonra avrokuboklarda liqa mərhələsini görmədən evə qayıda bilər.
Bunun baş verməməsi üçün Ağdam təmsilçisi Kiyev "Dinamo"sunu sıradan çıxarmalıdır.
İlk görüşdə 0:1 uduzan "köhlən atlar" heç də asan missiya gözləmir.
Əslində hesab qənaətbəxşdir, sadəcə səfər meydanında göstərilən oyun hamıda ümidsizlik yaradıb.
Xüsusilə bəzi qərarlar özünü doğrultmadı.
Abdullah Zubirin orta xəttə yer alması, hücumçuların gerisində çıxış etməsi effekt vermədi.
Onsuz da yaşına görə intensivliyi azalan "10 nömrə" mərkəzdə tamam itib-batmışdı.
Aleksey Kaşuk bugünkü "Qarabağ"ın ən böyük problemlərindən biridir.
İşə yaramır, getməyi düşünmür, əvəzləyicisi yoxdur.
Cinahda az-çox varlığı hiss olunurdusa, son oyunda yer aldığı hücumçu mövqeyində heç nə edə bilmədi. Ələ düşən fürsətləri boşa verməkdən başqa.
Və təbii ki, Mateus Silva...
Braziliyalı legioner son illər klubun ən uğurlu seleksiya işlərindən biridir.
Sağ cinahda özünü suda balıq kimi hiss edir.
Sevimli mövqeyində rəqib tanımır.
Sol cinahda Elvin Cəfərquliyevlə Abdullah Zubir birləşib təhlükəli olursa, Silva təkbaşına bir çox hallarda ön plana çıxır.
Çox təəssüf ki, cənubi amerikalı üniversal oyunçudur. Stoper kimi çıxış etməyi də bacarır. Qurbanov da mərkəz müdafiəçisi yoxluğunda onu bu mövqeyə çəkir.
"Dinamo" ilə son oyunda olduğu kimi.
Belədə sağ cinah iflic vəziyyətə düşür.
Yaxşı olardı ki, heç bir halda buna gedilməsin.
Yeni stoper tapılmalıdı, yoxdursa Bədavi ilə yola davam edilsin. Ən son variant akademiyadan kimsə dəvət olunsun, amma bircə sağ cinahda Mateus Silvaya toxunulmasın.
Konkret 3 futbolçu və mövqedən danışdıq.
Təbii ki, digərləri də səfərdə ideal oynamamışdı. Amma sadaladıqlarımız həm də ümumi sistemə vurulan zərbə idi.
Deməli, Bakıda nələrisə dəyişmək mütləqdir.
İllərin təcrübəsi olan Qurban Qurbanov bunu gözəl başa düşür.
İkili oyunlarda ikinci oyunlar Qurbanov üçün adətən daha asan keçir.
Hətta ekran başından aşkar görünən məlum boşluqlar minimuma endirilsə, "Qarabağ" da Avropa səhnəsində yoluna davam edəcək. Əmin olun!
XANOĞLAN/ SPORTİNFO.AZ
