Avropa Liqasındakı ümid yerimiz “Qarabağ” çətin sınaq qarşısındadır.
İslandiya “Vestri”sini tək ayaqla keçən (3:0, 3:0) “köhlən atlar” 2-ci mərhələnin ilk matçında Sofiya ÇSKA-sı ilə Bakıdakı qarşılaşmada qələbə qazana bilmədi – 0:0.
Praqmatik oyun sərgiləyərək bütün diqqətini müdafiəyə ayıran bolqarlar səfər matçında istədiyini nəticəni qazanmağı bacardı.
Əlbəttə, indiki vəziyyətdə kağız üzərində ÇSKA favoritdir. Doğma meydan və azarkeş amili cavab matçında rəqibin xeyrinə işləyəcək.
Lakin bir məqam var ki, onu heç bir halda diqqətdən qaçırmamalıyıq.
Avrokubokların təsnifat mərhələlərində Bakıda keçirilən və heç-heçə başa çatan əksər oyunlarda “Qarabağ” mərhələni adlayan tərəf olub. Ağdamlılar səfər görüşlərində sərfəli nəticə qazanmağı bacarıb.
2014-15 AL Qarabağ – Tvente – 0:0 (ev), 1:1 (səfər)
2015-16 ÇL Qarabağ – Rudar - 0:0 (e), 1:0 (s)
2017-18 ÇL Qarabağ – Şerif - 0:0 (e), 2:1 (s)
2021-22 KL Qarabağ – Aşdod - 0:0 (e), 1:0 (s)
2022-23 ÇL Qarabağ – Ferentsvaroş - 1:1 (e), 3:1 (s)
Göründüyü kimi, “köhlən atlar”vətəndə bərabərliklə sonuçlanan görüşlərdən sonra həvəsdən düşməyib, əksinə, səfərdə parlaq oyun nümayiş etdirərək mərhələ adlamaq istəyinə çatıb.
Söhbət Bolqarıstan səfərindən və güclü azarkeş orudusundan gedirsə, 2024-ün yayında Bakıda “Ludoqorets”ə 1:2 hesabı ilə məğlub olan “Qarabağ”ın Razqradda darmadağın olacağı ehtimal edilirdi.
Di gəl, Qurban Qurbanovun komandası “Huvepharma Arena”da 7:2 hesabı ilə qalib gəlməklə həm mərhələni adlamış, həm də Avropanı şoka salmışdı.
Statistika “Qarabağ”ın ÇSKA səddini keçəcəyini deyir. Bu, 90 dəqiqənin tamamında ola bilər, əlavə olunmuş 30 dəqiqədə, ya da penaltilər seriyasında – fərq etmir.
“Qarabağ” iki oyunun nəticəsinə görə mərhələni adlayan tərəf olacaq. Baxarsınız.
İyulun 30-da Sofiyadakı Vasili Levski adına stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

