«Qarabağ»ın ispaniyalı legioneri Joel Montiel etdiyi səhvi başa düşüb. O, Qurban Qurbanovdan üzr istəyib.
Bu,
Avropa Liqasının 2-ci təsnifat mərhələsinin SSKA (Bolqarıstan) ilə ilk oyunundan öncəyə təsadüf edib. Prineyli baş məşqçi ilə görüşərək, yol verdiyi səhvi boynuna alıb. Montiel həmin anda əsəbi olduğunu bildirib, analoji halın bir daha təkrarlanmayacağını söyləyib. İspan yenidən əsas komandaya qayıtmaq istədiyini və özünü sübut edəcəyini deyib. Kollektivin uğuru üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Yarışın birinci təsnifat mərhələsində “Vestri” ilə oyunlarda sifariş ərizəsinə salınmayan yarımmüdafiəçi bir neçə gün əvvəl SSKA ilə görüşlər üçün də heyətdə yer almamışdı. Amma matça 1 gün qalmış Montielin adı heyətə daxil edilib.
O, SSKA ilə matçın ikinci hissəsində meydana ayaq basıb və fəal təsir bağışlayıb: komandanın oyununu canlandırıb, qapıya bir neçə zərbə endirib.
Olayın motivinə gəlincə…
Qurban Qurbanov məşq prosesinin gedişində ona cavab qaytaran prineylini bağışlamış kimi görünə bilər, amma…
Bu, qətiyyən belə deyil. Peşəkar futbolçuya yaraşmayan hərəkətə görə böyük məbləğdə cərimələnən ispan nə vaxt normal təklif gətirsə, «Qarabağ» onunla vidalaşacaq – səbəbkara bu barədə xəbərdarlıq olunub.
Nəzərinə çatdırılıb ki, gedişi təklfin məbləğindən asılıdır. İrəli sürüləcək şərtlər uyğun görülərsə, ayrılığı rəsmiləşəcək.
Qısacası, hər şey gedişatdan asılıdır. Hələlik Ağdam təmsilçisi ona görə dəvət almayıb.
Düzdür, İspaniyadan «Albasete» və Polşadan «Lex»in Montiellə maraqlanmasına dair sosial şəbəkələrdə xəbərlər dolaşır, ancaq bugünədək nə onlar, nə də hansısa klub «Qarabağ»ın qapısını döyüb.
SPORTİNFO.AZ

