“Qarabağ” yeni transferlərlə vitrində - Yalnız bir nəfər

20:40 Qarabağ 289
“Qarabağ” yeni transferlərlə vitrində - Yalnız bir nəfər

Yenilənmiş “Qarabağ”ın bu gün nəyə qadir olduğunu görmək üçün ÇSKA ilə oyun vitrin xarakteri daşıyırdı.

Səkkiz nəfərin gedişindən sonra həmin sayda oyunçunun gəlməsi heç şübhəsiz komandanın oyununda özünü göstərəcəkdi.

Baxdıq və gördük.

Məlum oldu ki, “Qarabağ”ın əvvəlki günlərini xatırlatmasına müəyyən vaxt lazımdır.

Yenilərdən üçü – Bense Varkonyi, Bruno Lanqa və Zakaria Savo əsas heyətdə yer almışdısa, digər dörd nəfər ehtiyatda qalmış, Samuel Labotanın adı “23-lüy”ə salınmamışdı.

Ağır zədədən qayıdan Bəhlul Mustafazadə isə ehtiyat oyunçular skamyasında əyləşməyə məhkum idi.

Ümidləri artıqlaması ilə doğruldan Bensenin inamlı və rahat oynaması Kevin Medinanın boşluğunun hiss olunmayacağına işarədir.

İki epizodda kritik müdaxilə ilə yadda qalması azarkeşlərin ürəyinə yağ kimi yayıldı.Bəhlul əsas heyəttə qayıdandan sonra əla tandem izləyəcəyimizi deyə bilərik.

Lanqanın mübarizliyi və irəli-geri hərəkət etməsi “Qarabağ”ın bu transferdə yanılmadığını göstərdi.

Lakin hələ ki, Elvin Cəfərquliyev qədər faydalı deyil. Abdulla Zubirlə anlaşmaqda çətinlik çəkməsi, Elvində görməyə alışdığımız cinah ötürmələrinə sahib olmaması hücumlar zamanı müəyyən çətinliklərə səbəb olurdu.

Savo bitiriciliyi olan hücumçu tipidir. Son zərbəni vurmağı və başla oymamağı yaxşı bacarır.

Razılaşaq ki, Kamilo Duranla Olavio Juninyoda gördüyümüz pressinq etmək, rəqibdən top almaq, yoxdan var etmək xüsusiyyətləri onda yoxdur. Hücumlar zamanı komanda yoldaşları ilə anlaşmaqda çətinlik çəkməsi göz qabağındadır.

Sonradan meydana daxil olan Renaldo Sefas sürəti və texniki bacarığı ilə təhlükə yaradan oyunçudur. Topla rəftarına görə hansısa mənada Abdulla Zubirə bənzəyir.

Sadəcə “çiy”dir, ustalıq səviyyəsini artırmağa gərək var. Bəzən artıq hərəkətlərə yol verməklə hücüm təhlükəsini azaldır.

Jali Muaddib – sürətli ilə seçilsə də, cinahında ağalıq etməyi bacarmadı. Meydana sonradan qoşulduğunu nəzərə alsaq, yorulmuş rəqib müdafiəçiyə baş ağrısı yaradacağını gözləmək olardı.

Bir epizodda əla imkan yaxaladı, onda da topa necə gəldi zərbə vurmaqla ÇSKA-nın qapıçısının işini asanlaşdırdı. Hələ ki, bəyənmədiyimiz Aleksey Kaşukdan geri qalır.

Cebrail Makreçkisin ümumi ansambldan geri qaldığını və fiziki cəhətdən “axsadığını” rahatlıqla söyləmək olar. Meydanda olduğu müddətdə hücumlara qoşulmaq və rəqib hücumlarının qarşısını almaq baxımından çətinlik çəkdiyini gördük.

Bir sözlə, yenilərin arasında “Qarabağ”a uyğunlaşdığını və bu gün fayda verdiyini deyə biləcəyimiz yeganə futbolçu Varkonyidir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti