Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək SSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” oyunu üçün vauçerlər bu gün saat 17:00-dan etibarən satışa çıxarılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşü “Natsionalen Stadion Vasil Levski” stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 17:00-dan etibarən iTicket.az vasitəsilə onlayn satışa çıxarılıb.
Biletlərin qiyməti 28 AZN-dir.
Qeyd olunub ki, "Qarabağ" azarkeşləri üçün “Natsionalen Stadion Vasil Levski” stadionunda 800 yer ayrılıb.
Həmçinin klub azarkeşlərdən vauçerləri alarkən e-mail ünvanlarını düzgün qeyd etmələrini xahiş edib. Vauçerlər əldə edildikdən sonra, oyun gününədək, alış zamanı qeyd olunan e-mail ünvanına biletlər göndəriləcək.
Açıqlamada vurğulanıb ki, bilet əldə edən şəxslərdən stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur.
SSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” oyunu iyulun 30-da Bakı vaxtı ilə22:00-da, yerli vaxtla isə21:00-da başlayacaq.

