"Qarabağ"ın Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA ilə keçirəcəyi ilk matçın təyinatları açıqlanıb.
Bakıda keçirləcək oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Daniele Çiffi olacaq. Onaa yan xətlərdə Covanni Baççini ilə Alessandro Lo Çiçero kömək edəcək.
Dördüncü hakim funksiyasını Daniele Perentsoni yerinə yetirəcək.
41 yaşlı referinin İtaliyada xüsusi nüfuza sahib olduğunu deyə bilərik. 2014-cü ildən Seria A oyunlarına təyinat alan Daniele yüksək liqada 129 oyun idarə edib. Seria B-də 110, İtaliya kubokunda isə 13 dəfə futbolçular onun başçılığı altında meydana ayaq basıb.
2023-cü ilin yazında İtaliyada beynəlxalq dərəcəli hakimlər üçün nəzərdə tutulan “Giovanni Mauro” mükafatına layiq görülüb.
2022-ci ildən yaxasında FİFA-nın emblemini gəzdirməsinə baxmayaraq, avrokuboklardakı matçlarının sayı cəmi 9-dur.
Karyerası ərzində bütün turnirlərdə idarə etdiyi 335 qarşılaşmada 1323 sarı, 77 qırmızı vərəqə göstərib. 78 halda qapılara penalty təyin edib.
Çiffi üçün ən unudulmaz oyunlar yəqin ki, İtaliya Superkubokunda idarə etdiyi görüşlərdir. Son 2 mövsümdə yarımfinal qarşılaşmalarında “İnter” – “Atalanta” və “Bolonya” – “İnter” duellərində fit çalıb.
2021/22 mövsümündə Yunanıstan kubokunun yarımfinal mərhələsində keçirilən PAOK – “Olimpiakos” oyunu ona tapşırılıb.
Bu ilin aprelində isə Kipr çempionatının 29-cu turunda baş tutan prinsipial “AEK Larnaka” – “Omoniya” duelində iş başında olub.
Aktivində bu qədər oyun olmasına baxmayaraq, Çiffinin yolu bizimkilərlə bir dəfə də olsun kəsişməyib. Yeri gəlmişkən, Bolqarıstan təmsilçilərinin matçlarına da təyinat almayıb.
Hə, bu yerdə onu da xatırladaq ki, bugünkü görüş italyan referinin Avropa Liqasında idarə etdiyi ilk oyunu kimi yadda qalacaq.
Bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - ÇSKA qarşılaşmasısaat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

