“Qarabağ”a təhlükə saçır - Bunlardan xəbərdar olun!

18:00 Qarabağ 174
“Qarabağ”a təhlükə saçır - Bunlardan xəbərdar olun!

“Qarabağ” Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA ilə qarşılaşacaq.

İlk raundda “Vestri” səddini 6 cavabsız qolla aşan “köhlən atlar” bu dəfə Sofiya təmsilçisinin mübarizədən kənarlaşdırmaqda iddialıdır.

Müqayisə aparanda İslandiya və Bolqarıstan klubları arasında kifayət qədər ciddi fərqin olduğunu görmək mümkündür.

“Levski” və “Ludoqorets”lə birlikdə Bolqarıstanın ən nüfuzlu klublarından sayılan ÇSKA yarandığı gündən – 1948-ci ildən bu günə qədər 31dəfə ölkə çempionluğunu bayram etməklə bu baxımda rekordçudur. İş burasındadır ki, “hərbçilər”in ən parlaq dönəmi təxminən 20 il əvvələ qədər təsadüf edib. Sonuncu “qızıl” da məhz 2008-ci ildə qazanılıb.

22 dəfə Bolqarıstan kubokunu başı üzərinə qaldıran paytaxt təmsilçisi 4 dəfə Superkuboku muzeyinə aparıb.

ÇSKA-nın avrokubok təcrübəsini də kifayət qədər zəngin və uğurlu hesab edə bilərik.

Çempionlar Liqasında 2 dəfə yarımfinal, 4 dəfə 1/4 final mərhələsinin sevincini yaşayan “qırmızılar”, Kuboklar Kubokunda yarımfinala qədər yüksəlib, Konfrans Liqasında qrup mərhələsinin həyəcanını yaşayıb.

ÇSKA-nın tarixindəki izlər hər nə qədər əzəmətli görünsə də, son bir neçə ili elə də uğurlu hesab etmək olmaz.

2021/22 mövsümündə Konfrans Liqasının qrup mərhələsində çıxış edən “qırmızılar” 1 il sonra həmin turnirin pley-off mərhələsinə qədər irəliləyərək “Bazel”ə (İsveçrə) boyun əyib.

2023/24 mövsümündə yenə Konfrans Liqasında mübarizəyə qoşularaq bu dəfə debütdəcə - 2-ci mərhələdə “Sepsi”yə “ilişib”.

2024/25 və 2025/26 mövsümləri ÇSKA üçün qara gəlib. Ardıcıl 2 il mövsümü avrokuboklara vəsiqəsiz başa vurub.

Cari mövsümün 1-ci mərhələsində hər iki oyunda “Derri Siti”ni (İrlandiya) udaraq (3:2, 2:1) “Qarabağ”a rəqib olub.

2022-ci ildən bu yana olan nəticələrə baxsaq, “hərbçilər” səfərdə 5 oyun keçirib. “Bazel”lə “Sepsi”yə məğlub olub, “Makedoniya” ilə heç-heçəyə razılaşıb, “St. Patriks”lə “Derri Siti”ni məğlub edib.

Klub Bolqarıstanı təmsil etsə də, komandada bolqar futbolçuların sayı olduqca azdır. UEFA-ya göndərilən sifariş ərizəsində cəmi 7 yerli futbolçunun adı var. Qalanları Braziliya, Benin, İspaniya, Fil Dişi Sahili, Portuqaliya, İtaliya, Argentina, Fransa Niderland, Kolumbiya, Kamerun, bir sözlə, dünyanın hər yerində cəmlənənlərdir.

Bir sözlə, hazırkı ÇSKA “Qarabağ” üçün “sirli qutu”dur. Klubun tarixi eniş-yoxuşlardan ibarətdir. İndiki heyətdə legionerlərin çoxluq təşkil etməsi və ilk mərhələdə “Derri Siti”nin qapısına 5 top vurulması “köhlən atlar”ı diqqətli olmağa səsləyir.

Bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun start fiti saat 20:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti