“Qarabağ”ı sevənlərin bundan xəbəri olsun!

20 İyul 23:00 Qarabağ 629
“Qarabağ”ı sevənlərin bundan xəbəri olsun!

“Qarabağ”ın “Vestri” ilə Bakıdakı matçında tribunalarda kifayət qədər boş yerlər var idi.

Klub 20500 biletin satıldığının anonsunu vermişdi ki, bu da stadionun 3-də 1-nin boş olması anlamına gəlirdi.

Başa düşüləndir, ilk mərhələydi, rəqib avrokuboklarda debüt edən komandaydı, yay ayıdır, adamlar istirahətə çəkilib, aparıcı futbolçuların gedişindən sonra azarkeşlərdə ümidsizlik yaranıb və sair.

“Qarabağ” 1-ci mərhələdə islandların qapısına 6 cavabsız qol vurub 2-ci mərhələdə ÇSKA-ya (Bolqarıstan) rəqib oldu.

Bəli, bu, artıq başqa səviyyədir. İllərin təcrübəsinə söykənən, avrokubokların qrup mərhələsini hədəf seçən, heyətində 10-dan artıq legioner olan ÇSKA.

“Köhlən atlar” mərhələ adlayıb pley-offa yaxınlaşmaq üçün ilk oyunda mütləq və mütləq qələbə qazanmalıdır.

İlk dueldə əldə olunacaq zəfər təmsilçimizin işini xeyli asanlaşdıracaq. Əks halda “Qarabağ” avrokuboklarda son 17 ilin ən uğursuz nəticəsinə imza ata bilər.

İndiki vəziyyətdə əsas yük siz oxucuların, izləyicilərin, azarkeşlərin üzərinə düşür. Bu cür həssas məqamda “Qarabağ”a dəstək nümayiş etdirib, yeni transferlərə Respublika stadionunun tribunalarının əzəmətini göstərməyin zamanıdır.

Komanda ilk iki matçda sərgilədiyi oyun və vurduğu qollarla işlərin qaydasında getdiyini göstərdi. Heyətdə hər nə qədər dəyişikliklər olsa da, “Qarabağ” qamətini itirməyib.

Bolqar azarkeşlər Sofiyadakı qarşılaşmada ÇSKA-nnın mərhələ adlaması üçün stadionu dolduracaq. Eyni addımı biz də atmalı, bolqarlara tribunanın hansı gücə malik olduğunu sübut etməliyik.

İllərdir dünya azərbaycanlılarına futbol həzzi yaşadan “Qarabağ”ı Avropa Liqasının əsas mərhələsində, daha sonra pley-offda görmək üçün indidən birlik nümayiş etdirmək lazımdır.

Stadionu doldurmalı, 90 dəqiqə susmaq bilmədən azarkeşlik etməli, ÇSKA-ya cəhənnəm qorxusunu hiss etdirmək mütləqdir.

İlk oyunun uğurlu nəticəsi 3-cü mərhələyə yüksəlmək üçün ciddi stimul olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 18:30 Çək və bizə göndər!